Pediatr: "Bütün dünya maskada gəzir. Nədi, biz hamıdan ağıllıyıq?!" 

Vaqif Qarayev: "Bu virusun təhlükəli tərəfi odur ki, insanda heç bir zahiri simptom olmaya bilər, amma o, daşıyıcı ola bilər"
"Viruslar aerozol şəklində havada bir neçə müddət asılı qalır. Həmin hava ilə nəfəs alan insan da yoluxur"

 Maskadan istifadə etməmək, sosial məsafə, eləcə də karantin qaydalarının pozulmasına görə cərimələrin məbləği artıq təsdiqlənib. Deməli, ictimai nəqliyyatda maskadan istifadə etməyənlər cərimələnəcək.


Bir çoxları bu fikirdədir ki, sərt qaydalar gərək əvvəldən tətbiq ediləydi, o zaman virusa yoluxma halları da artmazdı. Amma nə edəsən ki, əhali arasında maska taxmağı hələ də əskiklik hesab edənlər də var. Polis əməkdaşını görəndə cibindən (kişilər), ya da çantasından (qadınlar) əzik-üzük maska çıxardanlar, təhlükəni başa düşməyəcək qədər cahildirlər. Belələri cərimə olunsa, bəlkə mənasız prinsiplərindən əl çəkər.

Mövcud durumla bağlı “Şərq”ə danışan pediatr Vaqif Qarayev vəziyyətin həqiqətən təhlükəli hal aldığını dedi: 


- Məsələ belədir; təkcə COVİD-19-dan söhbət getmir, ümumiyyətlə, respirator virus infeksiyaları geniş yayılanda qoruyucu vasitələrdən istifadə etmək standart qaydadır. COVİD-19 Çində yayılmağa başlayanda mən deyirdim, xəbərdarlıq edirdim ki, virus geniş ərazilərə yayıla bilər, biz tədbir görməliyik və tədbirlərdəın ən mühümü də qoruyucu vasitələrdən istifadə etmək, sosial məsafəni gözləmək, sanitar-gigiyenik qaydalara riayət etməkdir. Bunlar standart, şablon tədbirlərdir və hamı buna əməl etməlidir. Heç kim bilmir ki, bu nə bəladır, hardan gəlib, sonu nə olacaq. Sadəcə, hər bir ölkə özünə uyğun tədbirlər görür. Bütün dünya maskada gəzir. Nədi, biz hamıdan ağıllıyıq?! Deyirlər, maska taxmaq lazımdır, deməli lazımdır. Bu virusun təhlükəli tərəfi odur ki, insanda heç bir zahiri simptom olmaya bilər, amma o, daşıyıcı ola bilər. İnsan yoluxub-yoluxmadığından xəbərsizdir, amma asqıranda qarşısındakını yoluxdura bilər. Viruslar aerozol şəklində havada bir neçə müddət asılı qalır. Həmin hava ilə nəfəs alan insan da yoluxur. Ona görə də qoruyucu maskalardan hamı istifadə etməlidir – sağlam da, xəstə də. Çünki heç kim xəstə və ya sağlam olduğunu bilmir. Hə, “məndə qızdırma yoxdu, öskürmürəm, asqırmıram, başım ağrımır”, bu, hələ sənini virusa yoluxmadığının göstəricisi sayıla bilməz. Bəlkə yoluxmusan, xəbərin yoxdur, amma ətrafdakıları yoluxdurursan?!. Ona görə də mən maskadan istifadə tələbinə müsbət baxıram. Axı bu maskanı bütün gün taxmalı deyilsiniz. İşə gedəndə, ictimai nəqliyyatda taxın, işə çatanda çıxarın və iş yerində sosial məsafə qaydalarına riayət edin. İşəgötürənlər, müdirlər bu qaydalara əməl etməlidir. Əgər bir iş yerində 2 adam eyni işi icra edirsə, işçinin biri bir gün gəlsin, o biri ertəsi gün. Bütün hallar üçün tənzimləmə aparmaq mümkündü. Eyni işi icra edən bir neçə adamı eyni saatlarda bir məkana, bir otağa toplamağın anlamı nədir? Bir var, sosial məsuliyyət, bir də var inzibati cəzalar. İctimai yerlərdə, kafe, restoranlarda cərimələr ona görədir ki, sosial məsafə qorunsun. Tibbi maska taxa bilmirlər, evdə hazırlasınlar, adi kətan, çit parçadan. Nəyləsə ağızlarını örtsünlər. Bu, çətin iş deyil axı.  

V.Qarayev qeyd etdi ki, hazırda ölkəmiz çox çətin və məsuliyyətli mərhələdədir və hər kəs bunu dərk etməlidir:
 
- Dünənki (srağagün) nəticə çox pis idi. Pandemiya zamanı yoluxma dinamikası mənfiyə doğru gedirsə, deməli, təhlükəli vəziyyətdir. Ona görə də hər birimiz məsuliyyətli olmalıyıq. Hər kəs özünü düşünsün, ailəsini düşünsün. Elementar sanitar qaydalara rayət etmək mədəniyyət göstəricisidir. Biz adətən günahı kənarda axtarırıq. Amma ilk növbədə özümüzdən başlamalıyıq: “yoluxmamaq üçün mən nə edirəm”, düşünməliyik. Hər kəs üzərinə düşən sosial məsuliyyəti dərk edib, əməl etsə, bu bəladan qısa zamanda xilas olarıq.