Liderə minnətdarlıq: “Xalq Sizi sevir, dəstəkləyir və verdiyiniz hər bir qərarın arxasında durur”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Şirvan şəhərindən olan Fəridə Yahyayevanın ölkə başçısına məktubunda deyilir:

“Hörmətli cənab Prezident, koronavirus infeksiyasına qarşı həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü tədbirlərə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına görə verdiyiniz düşünülmüş qərarlara görə Sizə ailə üzvlərimizin adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Çünki biz görürük ki, Azərbaycan xalqının yaxşı güzəranı və gözəl gələcəyi Sizin üçün ən ümdə məsələdir. Məhz verdiyiniz operativ qərarlar göstərdi ki, digər ölkələrlə müqayisədə ölkəmiz bu infeksiyadan az zərərlə çıxmağı bacarır. Cənab Prezident, mən böyük qürurla deyə bilərəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı qarşılaşdığı bu bəladan tezliklə qurtulacaq və narahatlıq keçirdiyimiz çətin günlər arxada qalacaqdır. Siz olduqca şərəfli və çətin bir yoldasınız. Azərbaycan xalqı Sizi sevir, dəstəkləyir və verdiyiniz hər bir qərarın arxasında durur. Bir daha ölkəmizin sağlam gələcəyi və inkişafı naminə gördüyünüz işlərə və yorulmaz fəaliyyətinizə görə Sizə minnətdaram. Sizə möhkəm cansağlığı diləyirəm. Tanrı Sizi və ölkəmizi qorusun!”.