Ölkə başçısına məktub:”Siz xalqımızın dayağı olduğunuz üçün Allah Sizə hər zaman dayaq olsun!”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Saatlı rayonunun Çolpı kəndindən Vaqif  İbrahimov dövlət rəhbərinə məktubunda yazır: 

“Möhtərəm cənab Prezident, Sizə öz adımdan və qohumlarımın adından təşəkkürümüzü bildirirəm. Koronavirusun dünyada yayıldığı bir vaxtda Siz qısa müddətdə xəstəxanalar inşa etdirərək tam hazır vəziyyətdə xalqımızın istifadəsinə verdiniz. 
Maska istehsalı fabrikinin açılması, şəhər və rayonlarda mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, işsiz vətəndaşlara yardımların verilməsi Sizin çevik və zəruri tədbirlərinizin nəticəsidir. 

Bütün bunların hesabına Azərbaycanda kütləvi yoluxmanın qarşısı alınmışdır. Sevindirici haldır ki, digər ölkələr Sizin iş prinsipinizdən örnək götürür. Biz Sizinlə fəxr edirik. 

Siz Azərbaycan xalqının dayağı olduğunuz üçün Allah Sizə hər zaman dayaq olsun! Sizin bu iş prinsipinizi gördükdə ulu öndər Heydər Əliyevin 1980-ci ildə Sabirabad rayon zəhmətkeşləri qarşısında çıxış edərkən söylədiyi sözləri xatırladım. 

Ulu Öndər o vaxt demişdi: “İnsanda istək olanda, arzu olanda, iradə olanda qarşıda duran hər bir çətinliyə nail olmaq olar”. Bəli, bu istəyi Sizdə gördük. Sizin işlərinizə “əhsən” deyirik. O gün olsun ki, işğal edilmiş torpaqlarımız sülh yolu ilə azad olunsun, növbəti təşəkkür məktubunu da onda yazaq. Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə yeni-yeni uğurlar, ailə səadəti, xoşbəxtlik arzulayırıq”.