Tokaevdən Qazaxıstanda ABŞ hərbi bazasının inşasına MÜNASİBƏT

“Qazaxıstanda ABŞ hərbi bazasının inşası gündəmdə olan müzakirə mövzusu deyil”.

APA TASS-a istinadən bildirib ki, bu barədə Qazaxıstan Prezidenti Kassym-Jomart Tokaev "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində bildirib.
O əlavə edib ki, Nur-Sultan və Vaşinqton silahsızlaşdırma və nüvə silahının yayılmaması mövzusunda daim əlaqə saxlayır: “Eyni zamanda Qazaxıstan və ABŞ arasında enerji, investisiya, texnologiya kimi strateji sahələr uğurla inkişaf etməkdədir”.

Prezidentin sözlərinə görə, iki ölkə Almatıdakı keçmiş vəba əleyhinə institutun bazasında bioloji təhlükəsizlik sahəsində birgə çalışmalar olub, lakin hazırda müqavilənin müddəti bitdiyindən ABŞ mütəxəssisləri laboratoriyanı tərk ediblər: “Hazırda laboratoriyada öz büdcəmiz hesabına yalnız Qazaxıstan mütəxəssisləri çalışır. Bu sahədə araşdırmaların aktuallığını nəzərə alaraq Rusiya mütəxəssisləri ilə maksimum dərəcədə şəffaf əməkdaşlığa hazırıq".

Xatırladaq ki, may ayının əvvəlində Qazaxıstan Xarici İşlər Nazirliyi ölkədə bioloji laboratoriyaların fəaliyyəti ilə bağlı mediada yayılan məlumatların heç bir əsası olmadığını bildirmişdi. Bununla belə, nazir bioloji təhdidlərin transsərhəd xarakterini nəzərə alaraq, Qazaxıstanın, o cümlədən Alma-Atadakı sözügedən laboratoriyanın beynəlxalq əməkdaşlığa açıq olduğunu vurğulayıb.