"Sözümüzün çəkisi kifayət qədər böyükdür" - Deputat

“Bugün ölkəmiz nəinki kimdənsə kömək umur, əksinə başqalarına maliyyə yardımı göstərir”



“İyun ayın 1-də Asiya İnkişaf Bankının rəhbərlərinin təşəbbüsü əsasında onlarla Azərbaycan dövlət başçısı cənab İlham Əliyev arasında videoformatda görüş keçirildi”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib. 
Deputatın sözlərinə görə, bu görüşdə AİB-nın rəhbərliyinin Prezident İlham Əliyev haqqında, ölkə rəhbərinin idarəçiliyi barəsində səsləndirdiyi fikirlər bir daha ona dəlalət edir ki, Azərbaycanın sözününün çəkisi kifayət qədər böyükdür: 

“Asiyas İnkişaf Bankının prezidenti qeyd etdi ki, Azərbaycan dövləti bugünləri 14 dövlətə pandemiya dövründə maliyyə dəstəyi verib və digər yardımlar edib. Bu, faktın özü Azərbaycanın indiki şəraitdə sərgilədiyi nümunəvi davranışı, gücü, potensialı ortaya qoyur. Azərbaycan Prezidenti AİB rəhbərliyinə ölkəmizlə bağlı dolğun məlumatlara sahib olduqlarına və verdikləri dəstəyə görə, öz təşəkkürünü bildirdi. Eyni zamanda vurğuladı ki, bugün dünyanın 150-yə yaxın ölkəsi beynəlxalq maliyyə institutlarına müraciət edərək, yardım istəyib. Əks halda pandemiyanın öhdəsindən gələ bilməyəcəklərini vurğulayıb. Lakin Azərbaycan bu dövlətlərin sırasında deyil. Bugün ölkəmiz nəinki kimdənsə kömək umur, əksinə başqalarına maliyyə yardımı göstərir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsaiti ianə edib. Əlavə olaraq dünyanın 14 ölkəsinə həm maliyyə dəstəyi, həm də tibbi ləvazimat yardımı etmişik. Bundan başqa ÜST xətti ilə pandemiyadan ziyan çəkən 15 ölkəyə yardım göstərilməsi məsələsi gündəmdədir”. 

Parlament üzvü bildirib ki, hazırda Azərbaycan elə bir iqtisadi potensiala malikdir ki, indiki şəraitdə 30-a yaxın dövlətə maliyyə dəstəyi göstərir: 

“Bu, ölkəmizin əsl simasını ortaya qoyur. Cənab Prezidentin sözləri ilə desək, pandemiya dövrü hər bir dövlətin simasını sərgilədi, məlum oldu ki, indiki zamanda kim, özünü necə apardı. Hesab edirəm ki, pandemiya dövrü başa çatdıqdan və hər şey qaydasına düşdükdən sonra Azərbaycanın atdığı önəmli addımlar daha yüksək səviyyədə qeyd olunacaq. Düzdür, indidən dəyərləndirilir, amma gələcəkdə bu qiymət daha böyük olacaq. Azərbaycan dövləti bütün dünyaya nümayiş etdirdi ki, çətin anlarda təkcə özünü düşünmür. Qlobal səviyyədə yardımlar edir. İnsanların sağlamlığının qorunması, ardınca əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində atılan addımlar ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Hər gün cənab Prezident yüzlərlə, minlərlə təşəkkür məktubları alır”.