Deputat təəssüfləndi: “Ölkəmiz bu bəladan, onun təsirlərindən yayına bilmədi”

“Hər kəsə səslənirəm ki, gəlin məsuliyyətli olaq, özümüzü və digərlərini qoruyaq. Bunu etməliyik və bacarmalıyıq”


“Dörd aydan bu yana dünyanı cənginə almış koronavirus pandemiyası təəssüflər olsun ki, hələ də davam etməkdə, öz mənəvi və maddi fəsadlarını yaşatmaqdadır”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. 
Deputat vurğulayıb ki, bəzi ölkələrdə ölüm və yoluxma halları azalsa da, bəzilərində atmaqda, ikinci dalğanın əlamətləri, işartıları sezilməkdədir

“Təəssüflər olsun ki, ölkəmiz də bu bəladan, onun təsirlərindən yayına bilmədi. Bizdə də ölüm və yoluxma halları var. Amma bununla belə, dünyanın ən nəhəng və güclü dövlətləri ilə müqayisədə bizdə vəziyyət qat-qat yaxşıdır. Çünki dövlət və ölkə başçısı səviyyəsində bu məsələdə böyük iradə və qətiyyət ortadadır. Çoxları bu bəlanın keçici olduğunu zənn edərkən, ona dırnaqarası yanaşarkən, ölkəmiz, dövlət başçımız bunu çox ciddiyə aldı və qəti, ardıcıl tədbirlərə start verdi. Ötən müddət ərzində də görülən işlər, atılan addımlar, əldə edilən nəticələr göz önündədir. 

Bu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Ölkəmiz dövlət rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyası şəraitində və koronavirus infeksiyası ilə mübarizədə uğurlara, zəfərlərə imza atmaqdadır. Hətta, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən də ardıcıl yumşaldıcı tədbirlər görülməkdədir.

Lakin çox təəssüflər olsun ki, hələ də öz məsuliyyətini hiss etməyən, həm özünün, həm də başqalarının taleyi ilə oynayan, onların da, özünün də həyatını təhlükəyə, risk altına alan vətəndaşlarımız var. Onlar hələ də bu məsələnin ciddiyyətini, nələrə qadir ola biləcəyini, hansı fəsadlara gətirib çıxara biləcəyini ya anlamır, ya da anlasalar belə, böyük məsuliyyətsizlik nümayiş etdirirlər”. 

Parlament üzvü bildirib ki, yumşaldılma tədbirləri o demək deyil ki, təhlükə sovuşub: 

“Xeyr, bunu düşünənlər yanılır və böyük səhvə yol verirlər. Bu təhlükəni o zaman tam aradan qaldırmaq, bəladan o zaman tam qurtulmaq mümkün olacaq ki, hər kəs vətəndaşlıq məsuliyyətini axıracan dərk edəcək. Deyilənlərə, verilən qərar və tövsiyyələrə bir nəfər kimi əməl edəcək. Biz yalnız birlikdə və məsuliyyətimizlə bu bəladan qurtula bilərik və qurtulacağıq. Qanunvericilik səviyyəsində müəyyən sərtləşmələr, cəzalar nəzərdə tutulur. İstəməzdik ki, kimlərsə cəzalansın, cərimələnsin. Amma buna məcburuq, bu, məcburiyyətdən doğan bir addımdır. Ona görə hər kəsə təkrar səslənirəm ki, gəlin məsuliyyətli, anlayışlı olaq, həm özümüzü, həm də digərlərini qoruyaq. Bunu etməliyik və bacarmalıyıq”.