“Manatın məzənnəsinə təhlükədən söhbət gedə bilməz” – NİKBİN PROQNOZ

“Bu ilin sonuna kimi ciddi təşviş doğuracaq heç nə olmayacaq”

“Əsas məsələ odur ki, maliyyə ehtiyatlarımız artsın və həmin vəsaitlərdən mümkün qədər səmərəli istifadə edə bilək”



İyunun 1-də Azərbaycan dövlət başçısı ilham Əliyev  Asiya İnkişaf  Bankının təşəbüsü ilə keçirilmiş videokonfransda iştirak edib. Görüşdə Asiya  İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanın Azərbaycan haqqında müsbət fikirlər söyləyib.

 Dövlət başçısı İlham Əliyev bildirib ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub. Həmçinin pandemiya ilə əlaqədar bir çox ölkələrin iqtisadiyyatı resessiyada olduğunu vurğulanıb. Azərbaycanda 4 ay ərzində iqtisadi artım 0,2 faiz təşkil etmiş, qeyri-neft sənayesində artım isə 16 faiz olub. Azərbaycanın bu vəziyyətin öhdəsindən gələ biləcəyinə əminlik var. 

 İqtisadçı-ekspert Pərviz Heydərov “Sherg.az” a açıqlamasında iqtisadi sabitliyi qorumağın əhəmiyyətindən danışıb: 

“Azərbaycan kimi ölkələr üçün bu, xüsusilə vacibdir. Maliyyə ehtiyatları hər bir ölkənin iqtisadi təhlükəsizliyini təmin edir. Bir az obrazlı şəkildə desək, maliyyə ehtiyatları “təhlükəsizlik yastığı”dır. Maliyyə ehtiyatlarımız nə qədər çox olsa, xarici təsirlərdən, kənar “şok”lardan da bir o qədər uzaq olarıq”.

 P.Heydərovun sözlərinə görə, böhranın yaranması təxminən gözlənilən idi:



“Xatırlayırsınızsa, 2015-ci ildə neftin dünya bazarındakı qiyməti kəskin aşağı düşdü. Azərbaycan xarici təsirlərə məruz qaldı. Manat 2 dəfə devalyivasiayaya uğradı. Makro-iqtisadi göstəricilərimiz aşağı düşdü. Amma 2017-ci ildə vəziyyət stabilləşdi. Sonrakı illərdə isə inkişaf  başladı. Əgər maliyyə ehtiyatlarımız olmasa idi, elə həmin vaxt maliyyə dayanıqlılığı itəcəkdi. Dediyim odur ki, inkişaf və böhran daim bir-birini əvəzləyir. Ekspertlər böhranın gələcəyini deyirdilər. Amma heç kim bunun belə bir pandemiya ilə gələcəyini ağlına  gətirməzdi. Pandemiyanın nə vaxt bitəcəyi qeyri-müəyyəndir. İqqtisadi göstəricilərimiz xeyli zəiflədi. Üstəlik neftin qiyməti aşağı düşdü. Görünür, ötən il Ümumdaxili Daxili Məhsul (ÜDM) ilə bağlı verdiyimiz proqnozlar özünü doğrultmayacaq”.

 Ekspertin fikrincə, bütün bunlarla belə narahatlığa əsas yoxdur:
“Valyuta ehtiyatlarımıza əl uzadılmayıb. Manatın məzənnəsi üçün təhlükədən söhbət gedə bilməz. Yəni bu ilin sonuna kimi ciddi təşviş doğuracaq heç nə olmayacq. Əsas məsələ odur ki, maliyyə ehtiyatlarımız artsın və həmin vəsaitlərdən mümkün qədər səmərəli istifadə edə bilək. Heç kim gələcəyi təxmin edə bilməz. Maliyyə ehtiyatlarımızın çox olması bir növ gələcək üçün sığortalanmaq deməkdir”.