Parisdən Prezidentə məktub: “Mənə göstərdiyiniz dəstək və qayğıya görə təşəkkürümü bildirirəm” 

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Fransanın paytaxtı parisdən Vurğun Vəkilov Prezidentə məktubunda yazır: 

“Hörmətli cənab Prezident, mən, Fransanın paytaxtında yerləşən Paris Ali Musiqi Məktəbinin tələbəsi olaraq Sizə səmimi qəlbdən təşəkkürümü bildirmək istəyirəm. Siz və ailəniz artıq bir neçə ildir ki, Parisdə təhsilimlə bağlı və öz sənətimdə peşəkarlaşmağımda mənə dəstək olursunuz. Sizin dəstəyə mən həmişə böyük dəyər verərək Azərbaycanın adını və bizim zəngin mədəniyyətimizi ölkədən xaricdə böyük fəxarət hissi ilə təmsil edir və bununla qürur duyuram. 

Bu dəstək tədbirlərinin reallaşmasına görə Sizə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. 
Son dörd il ərzində ümummilli liderimiz Heydər Əliyevin ildönümləri ilə əlaqədar burada yerləşən Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə çox fəal iştirak edirəm. 

Ötən ay yenidən, ənənəyə sadiq qalaraq Ulu Öndərimizin doğum günündə onun sevdiyi Azərbaycan xalq mahnıları və digər milli bəstəkarların əsərlərini ifa edərək ruhunu yad etdik. Sizə bir daha mənə göstərdiyiniz dəstək və qayğıya görə təşəkkürümü bildirir və bu çətin günlərdə Sizə və ailənizə sağlamlıq arzu edirəm!”