Fransadan tələbə liderə yazır: “Siz bir daha sübut etdiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz” 

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Fransanın Monpelye şəhərindən Sevda İsmayılova ölkə liderinə məktubunda vurğulayır: 
“Hörmətli cənab Prezident, mən, İsmayılova Sevda Fransanın Monpelye şəhərində magistratura təhsili alıram. COVID-19 ilə bağlı Fransada elan edilən karantin rejiminə uyğun olaraq iş yerlərinin bağlanması işləyərək öz tələbatını ödəyən tələbələri maddi cəhətdən çətin vəziyyətə salıb. Yaşadığım evin kirayə haqqının ödənilməsində üzləşdiyim problemlə əlaqədar ölkəmizin Fransadakı səfirliyinə müraciət etdim. Dərhal səfirlikdən mənimlə əlaqə saxlanıldı və müraciətimin qeydə alındığı bildirildi. Bir neçə gün sonra bank rekvizitlərini tələb edən səfirlik əməkdaşı dövlətimiz tərəfindən tələbələrə yardım ediləcəyi barədə xoş xəbəri çatdırdı. Dövlətimizin dəstəyi ilə kirayə yaşadığım evdən çıxarılmaq təhlükəsini dəf elədik. Sonradan tələbə yoldaşlarımdan öyrəndim ki, onlara da maddi yardım edilib.
Hörmətli cənab Prezident, Siz bir daha sübut etdiniz ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Prezidentisiniz. Çətin anlarda bizi köməksiz qoymadığınıza görə Sizə öz dərin təşəkkürümü çatdırıram”.