Erməni nazirin "kitabı bağlanır"

Arsen Avakovun vəzifəsindən kənarlaşdırılması həll olunmuş məsələdir


Ukrayna Ali Radasının iyunun 2-də keçirilən iclasında daxili işlər naziri Arsen Avakovun istefası məsələsi gündəmə gəlib. Çağırışın hakim partiya olan “Xalqın xidmətçisi” fraksiyası tərəfindən edilməsi dövlətin Arsen Avakova qarşı etimadının azalmasının göstəricisidir. Nazirin vəzifədən kənarlaşdırılması üçün imzatoplama kampaniyasına başlanılıb.

Bir gün ərzində artıq 50-dən çox deputat imza atıb. Ukrayna Prezidenti Vladimir Zelenskiyə istər öz komandasında, istərsə cəmiyyətdə ən çox bildirilən iradlardan biri Arsen Avakovun hələ də vəzifəsində qalmasıdır. Zelenski son bir ildə jurnalistlər qarşısında keçirdiyi iki mətbuat konfransında bu ictimai qınağı hiss edib.

Ölkə ictimaiyyəti hesab edir ki, Avakov işinin öhdəsindən gələ bilmir. Ukraynada quldurluq, odlu silahdan istifadə, kriminal qruplaşmalar arasında savaş və sifarişli qətllərin statistikası artmaqda davam edir. Bu da cəmiyyətdə stabilliyə və iqtisadi inkişafa əsas təhdidlərdən biridir. Erməni əsilli nazirin əhali arasında etimadını itirməsi, adının daha çox korrupsiyalaşmış məmur kimi hallanması və kriminal dairələrlə yaxınlığı Zelenski hakimiyyətini dilemma qarşısında qoyub. 



DİN rəhbəri Avakov ətrafında cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Bakıda doğulmuş,  erməni əsilli daxili işlər naziri Arsen Avakovun vəzifədən kənarlaşdırılması barədə təklifin səsləndirilməsi və bunun üçün hüquqi proseslərə başlaması gözlənilən idi. Politoloqun sözlərinə görə, Arsen Avakov “Meydan hərəkatı”nın fəallarından olmasına baxmayaraq, ölkədə demokratik dəyişikliyə qarşı ciddi müqavimət göstərən şəxslərdəndir:

“Hələ Mixail Saakaşvili Odessa meri işlədiyi zaman Avakovun cinayətkar dəstəsi ilə  qarşılaşmışdı. O zaman kifayət qədər kriminallaşmış Avakov Saakaşvilinin hakimiyyətdən uzaqlaşdırılmasına nail olmuşdu. Onu da xüsusi olaraq qeyd edim ki, Saakaşvilinin Poroşenko ilə münasibətlərinin korlanmasında Avakov birbaşa maraqlı tərəf idi və buna da nail olmuşdu. Saakaşvilinin Poroşenko ilə yollarının ayrılmasında isə ən maraqlı tərəf Rusiya olub. Bu gün vəziyyət dəyişmək üzrədir. “Xalqın xidmətçisi”nin hakimiyyətə gəlişindən sonra Avakov üzüsulu istefa verərək hakimiyyəti tərk etməli idi. Görünür, Avakovun Rusiyadakı ağaları Zelenskini də neytrallaşdırmaq üçün nazirin yerinə qalmağı “tövsiyə“ ediblər. Lakin Arsen Avakovun vəzifəsindən kənarlaşdırılması həll olunmuş məsələdir və yaxında gerçəkləşəcək”.