Uşaqlıq yaşamayanlar...

Natamam ailələrin sayı artır

Bəzən kiçik, həlli asan bir problemi həll edə bilməyən valideyn övladını dövlət müəssisəsinə verir


Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Ailə inkişaf planı" hazırlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ailə inkişaf planı"nın hazırlanması üçün ilk növbədə uşaqlarını dövlət uşaq müəssisələrinə verən ailələrə səfərlər təşkil olunmaqla, onlarla bağlı qiymətləndirmələrin aparılmasına başlanıb.

Qiymətləndirmələr bu ailələrin uşaqlarını müəssisəyə yerləşdirmə səbəbləri, sosial-psixoloji vəziyyəti, sosial-müdafiə ehtiyacları, uşağın ailədə yaşamaq potensialı, riskləri və s. üzrə aparılır.

Bu qiymətləndirmələrin nəticələri əsasında hazırlanacaq "Ailə inkişaf planı" üzrə həmin ailələrlə bağlı zəruri istiqamətlərdə sosial dəstək tədbirlərinin görülməsi nəzərdə tutulub.

Qiymətləndirmə prosesinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2 regional Ailələrə Dəstək Mərkəzinin, UNİCEF-in Azərbaycanın regional layihələrindəki sosial işçi heyətinin, "SOS Uşaq Kəndləri" Azərbaycan Assosiasiyasının "Bakı Ailələrə Dəstək Mərkəzi"nin sosial işçiləri cəlb edilib.
Onlara nazirlik tərəfindən onlayn platforma vasitəsi ilə zəruri təlimatlar verilib, sosial xidmətə ehtiyacı müəyyənləşdirən beynəlxalq standarlara uyğun qiymətləndirmə sənədləri təqdim edilib.



Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Şərq”ə açıqlamasında ailələrə səfərlərin təşkil olunması və qiymətləndirmə aparılmasının problemin həlli üçün vacib olduğunu bildirdi: 

- Xatırladım ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın qəbul olunması məhz bu problemin həllini nəzərdə tuturdu. Bu sahədə de-institutlaşma prosesi başladı və bu çərçivədə də alternativ xidmət mərkəzlərinin yaradılması mümkün oldu. Məsələn, bizim birlik Bakı, Göyçay, Şəmkir və Cəlilabadda belə mərkəzlər yaratdı. Göyçaydakı mərkəz insan alveri qurbanları üçün nəzərdə tutulurdu, Bakı, Şəmkir, Cəlilabadda isə sırf uşaqlar üçün idi. Mərkəzlərin hamısında sosioloqlar, psixoloqlar, sosial işçilər çalışırdı. Bu il də növbəti tenderə qatıldıq, sadəcə, pandemiya səbəbindən müvəqqəti fasilə yaranıb. Uşaqların dövlət müəssisələrinə verilməsinin qarşısının alınmasında alternativ xidmət mərkəzlərinin əhəmiyyəti böyükdür. Belə mərkəzlər nə qədər çox olsa, problemin həlli də bir o qədər asanlaşar. 

K.Ağazadə qeyd etdi ki, övladlarını dövlət müəssisələrinə həvalə edən ailələrin qiymətləndirilməsi mütləq aparılmalıdır: 

-Bəzən valideynlər kiçik sıxıntılar səbəbindən övladlarını uşaq müəssisələrinə verir. Araşdıranda görürsən, ya kiçik, həlli asan bir problemdir, amma həllini tapmadığı üçün valideyn övladını dövlət müəssisəsinə təhvil verib. Belədə əlbəttə, natamam ailələrin sayı artır. Bəzən də həqiqətən problem çox ciddi olur. Məsələn, bizim mərkəzə gətirilmiş bir neçə uşaq var ki, ana çıxıb gedib, uşaqlar atanın himayəsində qalıb, ata da işləyir, uşaqlar nəzarətsiz qalır. Uşaqlar özünü idarə edə biləcək yaşda olduqda onların ailəyə qaytarılması asan olur. Ancaq uşaq kiçik yaşlı, körpədirsə, onu necə nəzarətsiz qoymaq olar? Yəqin ki, ƏƏSMN-nin Ailələrə Dəstək Mərkəzləri qiymətləndirmənin aparılmasında iştirak edəcək. Nazirliyin sosial xidmət sahələri var, sosial işçilər də bura cəlb olunacaq. Qiymətləndirmə düzgün aparılarsa və ailələrin problemlərinin həlli mümkün olarsa, uşaq müəssisələrinə verilən uşaqların sayında da azalma olar. 

K.Ağazadə qeyd etdi ki, birliyin nəzdindəki sığınacağa il ərzində 170-200 uşaq gəlir, onların 80 faizi ailələrə qaytarılır.