Deputatdan müraciət: “Özünüzü, yaxınlarınızı, dövlətinizi və xalqınızı düşünün”


“Gərək ictimai yerlərdə qoruyucu vasitələrdən, maskalardan istifadə edəsiniz. Bir-birinizlə məsafə saxlayasınız”


Millət vəkili Tahir Mirkişili deputat seçildiyi Sumqayıt şəhər sakinlərinə müraciət edib. 

“Sherg.az”ın xəbərinə görə, deputat bu barədə feysbuk səhifəsində yazıb. 

Parlament üzvü bildirib ki, son günlər ölkədə karantin şərtlərinin yumşaldılması koronavirusa yoluxma hallarını artırıb: 

“Artıq vəfat edənlərin də sayı artmaqdadır. Etiraf etməliyik ki, bir çox vətəndaşlar bu virusun nə dərəcədə təhlükəli olduğunu qəbul etmir və “özünü, başqalarını qoru” qaydalarını pozurlar. Bu minvalla bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qoruma tədbirlərinə kölgə salırlar. Bütün bunları nəzərə alaraq, Sumqayıtdan seçilmiş deputat kimi sizlərdən xahiş edirəm ki, bu çətin günlərdə özünüzü, yaxınlarınızı, ətrafdakıları, dövlətinizi və xalqınızı düşünərək ictimai yerlərdə qoruyucu vasitələrdən, maskalardan istifadə edəsiniz. Bir-birinizlə məsafə saxlayasınız. Həftə sonları evdə qalasınız! Bu, bir ümumxalq problemidir. Belə problemlər yalnız yüksək intizam ilə həll olunur!”.