“Hər kəs koronavirusla mübarizədə bir olmalıdır”

“Operativ Qərargahın bütün tövsiyyələrinə qeyd-şərtsiz əməl etməlidir”

“Yalnız onda təhlükənin miqyasını azaltmaq, minimallaşdırmaq, sonra isə tam neytrallaşdırmaq olar”




“Müşahidələrim onu göstərir ki, cəmiyyətin bəzi üzvləri hələ də koronavirusun necə təhlükəli olduğunu anlamırlar. Ya da anlamaq istəmirlər”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi ekspert Anar İmanov deyib. 
Ekspert bildirib ki, bu məsələdə yalnız kollektiv şəkildə hərəkət edərək, nəyəsə nail olmaq olar: 

“Yəni cəmiyyətin bütün üzvləri, hər kəs koronavirusla mübarizədə bir olmalıdır. Operativ Qərargahın bütün tövsiyyələrinə qeyd-şərtsiz əməl etməlidir. Yalnız onda təhlükənin miqyasını azaltmaq, minimallaşdırmaq, sonra isə tam neytrallaşdırmaq olar. Dövlətimiz koronavirusla mübarizədə bütün lazım olan tədbirləri həyata keçirir. Məhz bunun nəticasində bu gün vətandaşlarımızın həyatını maksimum şəkildə qorumaq olub. Bəli, xüsusi karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayı artıb. Sayın azalması üçün vətəndaşlarımız daha diqqətli olmalıdır və bütün tövsiyyələrə riayət etməlidir. Vətandaşların evlərini tərk etdikdən sonra ofislərdə, ictimai yerlərdə, iaşə obyektlərində necə davrandıqlarına dair qaydalar açıqlanıb. Maksimum şəkildə o qaydalara riayət etmək lazımdır. İnsanlar öz səhhətlərini qorumaq üçün sanitar-gigiyenik qaydalarına riayət etməlidirlər və ətrafdakılara da bunu tövsiyyə etməlidirlər”.

A.İmanov vurğulayıb ki, ilk növbədə öz sağlamlıqlarının qorunması üçün insanlar qoruyucu vasitələrdən mütləq şəkildə istifadə etməlidir: 

“Görürük ki, bəzi insanlar buna riayət etmir, maska taxmırlar. Artıq müəyyən qapalı yerlərdə maskadan istifadə etməyənlər cərimə olunacaq. Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin dediyi kimi, “maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onları qorumaqdır”. Əminəm ki, hamı özünü qorusaydı, maska taxsaydı və karantin rejimin qaydalarına riayət etsəydi, heç bir cəriməyə ehtiyac qalmazdı. Bəzi insanların məsuliyyətsizliyinə görə bu addım da atıldı. Koronavirusla mübarizəyə vətəndaşlarımız çox ciddi yanaşmalıdırlar. Yalnız onda bu bəladan minimum itki ilə çıxa biləcəyik”.