“Tək pul yox, digər əşyalar da risk qrupuna aiddir” – Virus hər yerdədir !


“Pandemiya göstərdi ki, Azərbaycanda əhali əsasən nağd əməliyyatlara üstünlük verir. Hazırda ölkədə koronavirusun sürətlə yayılmasının bir səbəbi də tədavüldə nağd pul kütləsinin çoxluğudur”.

Bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu özünün “Facebook” hesabında yazıb. O, bildirib ki, nağd ödənişin həyata keçirilməsi virusun yayılmasını sürətləndirir: 

“Dükan və restoranlarda nağd ödənişlər vasitəsilə pulların əldən ələ keçməsi virusun kütləviləşməsini şərtləndirir. Bir sözlə Azərbaycanda nağd manat virus daşıyıcısına çevrilib”.  

İnfeksionist Natiq Əliyev isə “Sherg.az”a  söylədi ki, risk təkcə pullarda deyil: 

“Tək pul yox, digər əşyalar da eyni dərəcədə risk qrupuna aiddir. İnsanlar asqırdıqda, öskürdükdə partikullar əşyaların üzərində qala bilər. Bu zaman insanlar həmin əşyalarla fiziki təmasda olduqdan  sonra əllərini ağızlarına, burunlarına toxundurduqda yoluxmanın baş verməsi mümkündür”.

 N. Əliyev müntəzəm olaraq əlləri dezinfeksiya etməyin  şərt olduğunu düşünür: 

“Xüsusən banklarda, marketlərin kassalarında işçilərin əllərinə əlcək taxdıqlarını görürük. Əslində bu, çıxış yolu deyil. Belə ki, həmin əlcəklərə toxunduqda yoluxma riski daha da artır. Ona görə də təkcə əlcək taxmaqla kifayətlənməməli, həm də əllərin təmiz olmasına çalışmaq lazımdır”.