SOS! - “Qadınlara qarşı zorakılıq artır, qanun da effektsizdir, maarifləndirmə də... ! - Nə etməli? 

Bu günlərdə Bərdədə baş verən cinayət hadisəsi cəmiyyət böyük səs-küyə səbəb oldu. Anasını və bacısını odlu silahla öldürən Toğrul Zeynallı könüllü olaraq polisə təslim olub. 
T.Zeynallı anası Zeynalova Nəzirəni yaşadığı evdə qətlə yetirib. Dəhşətli cinayətə qısqanclığın səbəb olduğu bildirilir. Bu zaman onun bacısı Zeynalova Əminə hadisəyə şahidlik edib. O, qardaşından qaçmaq istəyən zaman T.Zeynallı onu da öldürüb.

Namus adı altında vəhşilik törədib cinayət işləyənlər özlərini hər nə qədər haqlı hesab etsələr də, bütün bunlar cəmiyyətdə xoşagəlməz tendensiyalardan xəbər verir. Müvafiq qanunlarımızın olmasına baxmayaraq, namus cinayətləri səngimək bilmir. Qadınlar həyat yoldaşı, qardaşı hətta atası tərəfindən amansızlıqla öldürülməyə məhkum olurlar.

Baş verənlərə dair fikirlərini “Sherg.az”la bölüşən “Müasir Azərbaycan Qadını İctimai Birliyi”nin sədri Kəmalə Muradlı bildirib ki, son illər ölkəmizdə qadınlara qarşı zorakılıq artmaqda davam edir. 

Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün nə qədər qurumlar, təşkilatlar yaradılır, qanunlar qəbul edilir. Amma bütün bunlar kağız üzərində qalır:

“Heç kim belə hadisələrə nəzarət etmək istəmir. Düşünürəm ki, monitorinqlər keçirmək lazımdır. Qanunların yerlərdə necə icra olunduğuna nəzarət edilməlidir.
Bu gün qadınlarımız da dinc dayanmırlar. Artıq hərəkətlərə çox yer verirlər. Gender bərabərliyi o demək deyil ki, qadınlar bütün çərçivələrdən çıxsın. Geyimimizə, əməlimizə fikir verməliyik. Ərli arvadlara baxırsan, min cür hoqqadan çıxırlar. Təmiz biabırçılıqdır. Üzümü qadınlara tutub onları bir az ədəb-ərkana, namusa-qeyrətə çağırıram. Bu qədər ədəbsizlik olmaz. Bütün bunların sonu cinayətlə nəticələnir. Düzdür, kişilərin zorakılığına qarşıyam. İnsanlara zorakılıq tətbiq etmək olmaz. Nə kişiyə, nə də qadına vəhşilik göstərmək düzgün əlamət deyil. Amma kişilər də özlərini bir az insanlığa kökləməlidir. Kişilər qadınları başa düşməlidir. Bəzən belə hadisələr əxlaqsızlıq yox, ailə münaqişəsi zəminində baş verir. Bunların qarşısını almaq üçün dövlət qanunlar qəbul edib. Lakin heç kəs bu qanunlara nəzarət etmir. Maarifləndirmə yolu ilə insanları düz yola çəkməliyik”.

K.Muradlı bildirib ki, işsizlik, pul qazana bilməmək ailədə söz-söhbətə səbəb olur:

“Uşaqlar böyüyür, onlara baxmaq maddiyat üzərində qurulur. Bəlkə də bəzi ailələrdə maddi çətinlik zorakılıqla, cinayətlə nəticələnir. Yenə də deyirəm, bu neqativləri aradan qaldırmaq üçün dərin maarifləndirmə işləri görülməlidir”.