Gənc oğlandan liderə təşəkkür: “Danılmaz faktdır ki, dövlətimiz və xalqımız üçün bütün gücünüzlə çalışırsınız” 

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Bakının Yasamal rayonundan Taleh Mansurov ölə başçısına məktubunda diqqətə çatdırır:

“Möhtərəm Prezident, bir gənc olaraq Sizə minnətdarlıq etməyi özümə vətəndaşlıq borcu bilərək bu təşəkkür məktubunu ünvanlayıram. Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyada supergüc hesab edilən ölkələrdə pandemiyanın ağır nəticələri artıq özünü göstərməyə başlayır. Dünyanın bu mənzərəsi fonunda ölkəmizdəki sabitlik, dövlətin vətəndaşlara yardımları Azərbaycanın bu pandemiyadan ən az zərərlə çıxacağının göstəricisidir. Bu gücün əsas səbəbi Sizin xalqımıza olan sevginiz, güclü iradənizdir. Danılmaz faktdır ki, Siz və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva dövlətimiz və xalqımız üçün bütün gücünüzlə çalışırsınız. Mən də bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Tanrı Sizləri qorusun!”.