Avtomobilin yük yerində Bakıya gəlmək istəyən şəxs yaxalandı 


Koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərinə avtomobilin yük yerində keçmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, keçirilən tədbir zamanı qaydalara əməl etməyən Masallı rayon sakinləri Mircəlal Ağayev və Kərim Mustafayev tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, K.Mustafayev tanışı M.Ağayevlə əvvəlcədən razılaşaraq onu idarə etdiyi “Opel” markalı avtomobilin yük yerində gizli olaraq Bakı-Ələt yolundakı xüsusi polis postundan keçirərək paytaxta gətirəcəyinə söz verib. K.Mustafayev həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Mircəlal Ağayev və Kərim Mustafayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan qaydada ciddi şəkildə cəzalandırılaraq inzibati qaydada həbs ediliblər.

Daxili İşlər Nazirliyi əhalini koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən qaydalara əməl etməyə çağırır.