İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer təsərrüfatında olub, əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov dedi: Cənab Prezident, Sizin xeyir-duanızla artıq bu gündən taxıl biçininə başlanılır. Ölkə üzrə bir milyon hektar taxıl sahəsində biçin aparılacaq, onun 370 min hektara yaxını arpa sahəsidir.

Prezident İlham Əliyev: Arpa biçilir?

İnam Kərimov: Bəli. Bir neçə gündən sonra da buğda biçininə başlanılacaq. Bütün texnika biçinə tam hazırdır.

Prezident İlham Əliyev: Məhsuldarlıq nə qədər gözlənilir?

İnam Kərimov: Cənab Prezident, keçən il hektardan məhsuldarlıq 32 sentnerə yaxın idi, bu il hələ dəqiq demək mümkün deyil. Çünki bu il hava quraqlıq keçdi.

Prezident İlham Əliyev: Bu il də quraqlıqdır, keçən il də quraqlıq idi. Amma keçən il biz rekord səviyyədə məhsuldarlığı təmin edə bildik. Azərbaycanda heç vaxt hektardan məhsuldarlıq 32 sentner olmayıb. Özü də iri fermer təsərrüfatlarında təqribən 50 sentnerə çatıb. Təkrar əkinlə bağlı işlər görülür? Mən demişəm, Nazirlər Kabineti vəsait ayırıb.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov: Bəli, cənab Prezident, Siz göstəriş verdiniz, qarğıdalı əkiləcək.

Prezident İlham Əliyev: Orada əsas problem su problemidir. Onu gərək çatdırasınız.

Rafil Hüseynov: Cənab Prezident, biz planlaşdırmışıq ki, su olan yerlərdə bu il iki min hektarda təkrar əkin aparaq.

Prezident İlham Əliyev: Sizdə 2 min hektar, ölkə üzrə 100 min hektara yaxın. Bu, hədəfdir, indi nə qədər olar olar.

Rafil Hüseynov: Su ilə bağlı əsas odur ki, suvarma pambıq becərilməsi ilə üst-üstə düşməsin. Bu il Ağcabədidə təxminən 30 min hektarda taxıl əkilib. Onun da 8 min hektara yaxını arpadır, 22 min hektarı buğdadır.

Prezident İlham Əliyev: Keçən il Ağcabədidə məhsuldarlıq nə qədər idi?

Rafil Hüseynov: Keçən il 35 sentner olub. Bu ildən növbəli əkinə qayıtmaq məsələsini nəzərdə tuturuq. Biz növbəli əkinə qayıtmasaq, məhsuldarlığı da təmin edə bilmərik. Biz razılaşmışıq ki, rayonumuzda eyni sahədə növbəli qaydada həm yonca əkək, çünki maldarlığı da dayandıra bilmərik, həm də pambıq. Çünki yonca sahələrində pambıq əkiləndə çox yaxşı məhsul götürmək olur. Biz pambıq, taxıl, yonca sahələrində növbəli əkin hesabına pambığı da 20 faizə qədər artırmağı nəzərdə tuturuq.

Prezident İlham Əliyev: Məhsuldarlığı?

Rafil Hüseynov: Pambığın özü də, məhsuldarlıq da xeyli artacaq. Bu il yaxşı pambıq var.

Prezident İlham Əliyev: Sizdə məhsuldarlıq keçən il də yaxşı idi.

Rafil Hüseynov: Bu il keçənilkindən daha yaxşı məhsul var.

Prezident İlham Əliyev: Əkin sahələri eyni qalıb?

Rafil Hüseynov: Eyni qalıb, amma gələn il üçün nəzərdə tuturuq ki, pambıq əkinini 25 faiz artıraq. Çünki bu gün bizim taxıl və yonca sahələri 50 min hektara qədərdir. Əlli min hektar bizə cəmi 500 iş yeri verir. Amma 10 min hektar pambıq əkirik, bu, 15 min iş yeridir.

Prezident İlham Əliyev: Əlbəttə, əməktutumlu sahədir. Həm də yaxşı maaş, məvacib götürülür.

Rafil Hüseynov: Bəli, gəlir bundan üç dəfə artıqdır. Həm xalis gəlir, həm də ümumi gəlir artır.

İnam Kərimov: Cənab Prezident, artıq fermerlər maraqlıdırlar ki, pambıq əksinlər və gəlir əldə etsinlər.

Prezident İlham Əliyev: Biz pambığa olan marağı qaytardıq. Keçən il hektardan məhsuldarlığı 29 sentnerə qaldırmışıq. Bu da Azərbaycanın tarixində ən yüksək göstəricilərdən biridir. Sovet vaxtında hektardan məhsuldarlıq bəlkə cəmi 3-4 il təqribən 30 sentnerdən artıq olub. İndi biz demək olar ki, 30 sentnerə yaxınlaşmışıq. Bu il də məhsuldarlıq daha yaxşı olsa, onda əlbəttə ki, fermerlər və işləyənlər daha da böyük gəlir götürəcəklər.

Rafil Hüseynov: Cənab Prezident, keçənilkinə nisbətən indi sıxlıq yüksəkdir, təxminən 100 faiz bitiş alınıb. Ona görə bu il pambıqda xeyli yaxşı nəticə gözlənilir.

Prezident İlham Əliyev: Bir də ki, təkrar əkinlə bağlı bizim yem bazası da genişlənəcək. Hesablamısınız qarğıdalıdan nə qədər yem əldə edəcəyik? İdxaldan asılılıq nə qədər azalacaq?

İnam Kərimov: Təxminən 1,2 milyon ton silos üçün yaşıl yem, 350 min ton qarğıdalı olacaq.

Prezident İlham Əliyev: Yəni, xaricə pul az gedəcək.

İnam Kərimov: Bəli, az gedəcək.

Rafil Hüseynov: Elektron uçotun qurulması çox böyük kömək etdi. Artıq biz uçotu bildik. Biz indi də başlamışıq rayon üzrə ev təsərrüfatlarının uçotunu qurmağa ki, onların nə qədər sahəsi var, orada nə dəyişiklik baş verir.

Prezident İlham Əliyev: Fermerlər də öz işlərini bilirlər.

İnam Kərimov: Cənab Prezident, xeyir-dua versəniz biçinə başlayardıq.

Prezident İlham Əliyev: Başlamaq olar?

İnam Kərimov: Bəli, Sizin xeyir-duanızla.

Prezident İlham Əliyev: Başlayın.

Sonra fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanıldı.

 

***

3 iyun, saat 17:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.