"ASAN" mərkəzləri ölkəmiz üçün müsbət təbliğatdır" - Millət vəkili

"İyun ayının 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağcabədi rayonunda “ASAN Həyat” kompleksinin açılış mərasimində iştirak etdi".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, ümumiyyətlə indiyə qədər ölkədə 19 ədəd bu kateqoriyadan olan kompleks istifadəyə verilib:

"Bu mərkəzlərin hər biri fərqli modern görünüşə malik olmaqla bərabər xidmət sahələrinin sayını da getdikcə genişləndirməkdədir. Artıq Azərbaycan əhalisinin rəğbətini qazanmış “ASAN” xidmət, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən müsbət nümunə olaraq qəbul edilir. Onu da qeyd etmək lazımdır ki, bir çox dünya ölkələri “ASAN” xidməti Azərbaycanın milli brendi kimi tanıyır. Bu da təbii olaraq ölkəmizin müasir innovasiyalara açıq olmasının, dövlətin sosial siyasətinin, bürokratik əngəllərin aradan qaldırılmasının göstəricisidir".

N.Məhəməliyevin fikrincə, "ASAN" mərkəzləri ölkəmiz üçün müsbət təbliğatdır:

"“ASAN” komplekslərinin göstərdiyi xidmət ən yüksək mədəni səviyyəsi ilə seçilməklə yanaşı, daim təkmilləşir və yeni sferaları əhatə edir. Əminəm ki, gələcəkdə göstərilən xidmətlərin siyahısı daha da artacaq. Prezident hər zaman çıxışlarında, aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının durduğunu qeyd edir. Bu siyasəti düşünülmüş, mərhələli şəkildə həyata keçirir. Yeri gəlmişkən Milli Məclisdə təmsil etdiyim Balakən rayonunda da “ASAN” kompleksi tikilib və açılışa hazırdır. Buna görə və bölgədə həyata keçirilən digər çoxsaylı infrastruktur layihələrinə görə ölkə Başçısına seçicilərim adından dərin minnətdarlığımı bildirirəm".