“Dünyanın ən maraqlı insan hekayələri çörəkdən başlanır” - Yadigar Cəfərli çörək növbələrindən yazdı


“Çörək insan üçün düşündüyümüzdən də qəliz mövzudur. Burada ancaq başlanğıc var. Mövzunun axırına qədər gedib çıxmaqsa yoxdur”-Bu sözləri jurnalist Yadigar  Cəfərli özünün “Facebook” hesabında yazıb.

O, karantinlə əlaqədar həftə sonları mağazaların işləmədiyinə görə çörəyə tələbatın artması, hətta növbənin yaranması məsələsinə toxunub:

“Dünyanın ən maraqlı insan hekayələri çörəkdən başlanır. Jan Valjan bacısının ac uşaqları üçün mağazadan bir çörək oğurlayıb həbsə düşmüşdü. Onunla da “Səfillər” yarandı. Əslində elə dünyanın özü də çörəkdən başlamış uzun bir hekayədir. Əgər Adəm babamızla Həvva nənəmiz buğda yeyib cənnətdan qovulmasaydılar, indi bu koronaviruslu, karantinli Yer üzündə nə işimiz vardı ki?!
İnsan dünyada binə olandan çox şeyləri öz həyatına uyğunlaşdırıb. Xeyli vəhşini əhliləşdirib. Hətta ən qorxulu yırtıcıları da sirk arenalarına qədər gətirib çıxarıb. Nə bilim, ayıya velosiped sürmək öyrədib. Şiri-pələngi əlində oyuncağa döndərib. Amma insanın özünü də əhliləşdirən qüvvə olub. Nə qədər qəribə görünsə də, bu qüvvənin adı bildiyimiz buğda bitkisidir. 
Keçmişdə də, bu gün də insanın həyat tərzini, yaşayışını, səhhətini müəyyənləşdirən nələr varsa, bilin ki, hamısı buğdanın təsiridir. 
Məhz buğdaya, ondan hasil olan bir parça çörəyə görə insan ovçu-toplayıcılığı buraxıb əkinçiliyə keçib. Buğda yetişdirmək daimi diqqət tələb etdiyindən köçərilikdən əl çəkib tarlaların yanında məskən salıb. Hazır məhsulu başqa həmcinslərindən qorumaqdan ötrü qalalar tikib. Silah götürüb döyüşüb. Beləcə, ilk ordular, dövlətlər yaranıb. Buğda sahələri genişləndikcə, insanların sayı da həndəsi silsilə ilə artıb. Amma dağdan-dərədən mer-meyvə, ot-əncər toplayıb, ov ovlayıb, quş-quşlayıb dolandığı günlərdə çox sağlam, hündürboy, düz qamətli, sayları isə xeyli az olan insanların qəddi də getdikcə əyilməyə başlayıb. Boyları kiçilib. Sağlıq durumları pozulub. İnsan buğdadan, çörəkdən nə qədər asılı vəziyyətə düşdüyünü anlayanda artıq geriyə yol yox idi. Nə isə çox yazıb, başınızı ağrıtmayım. Gerisini Hararinin kitablarından oxuya bilərsiniz”.
  
 Y. Cəfərli, həmçinin bildirib ki, bir dəfəyə əvvəlkindən daha çox sayda çörək alanları heç bir formada günahlandırmaq olmaz:

“Demək istədiyim budur ki, çörək insan üçün çox həssas məsələdir. Söz mövzusu evdə çörək gözləyən ac uşaqlar olanda insanın minilliklər ərzində formalaşmış mədəniyyət normalarını tapdayıb, ibtidai icma quruluşunun hansı qatlarına qədər enəcəyini kimsə xəyal edə bilməz. 
Ona görə də aldığı çörəyin sayı mövzusunda heç kimi qınamayaq. Qoy kim neçəsini istəyir, alsın. Təki hamıya istədiyi qədər çatsın. Həyat heç bir kəsi çörəklə imtahana çəkməsin. Dünyada çörək verən, çörək itirməyən, çörək tapan, çörəyi dizinin üstündə olmayan insanların sayı da daim artıb çoxalsın. Brejnev yazırdı ki, “Çörək olarsa, mahnı da olar”.