"Sosial məsafəni qorumamağın acı nəticələrini görməkdəyik” - Gənc fəal səfərbərlik çağırışı etdi

"Virus bəlasından qurtulmaq üçün dövlətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərlə yanaşı vətəndaş məsuliyyəti də mühüm rol oynayır".

Bunu “Sherg.az”a İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

Gənc fəal bildirib ki, dövlət ilk gündən koronavirus pandemiyasının zərərlərinin qarşısının alınması və daha az insanın ziyan görməsi üçün bütün zəruri addımları atıb:

“Dövlət qısa zamanda önləyici tədbirlər gördü, düşünülmüş addımlar atdı. Hamının şok yaşadığı bir zamanda sosial dəstək paketini hazırlayıb tətbiq etdi. O cümlədən, yeni xəstəxanaların, tibbi maska zavodunun tikintisinə maliyyə sərf etdi. Lakin virusla mübarizə kompleks yanaşma tələb edir. İnsanlarımız pandemiyanın tüğyan etdiyi ilk vaxtlarda təhlükənin ciddiliyini başa düşürdülər. Ancaq bir müddət sonra, xüsusən karantin rejiminin yumşaldılmasından sonra laqeydlik  göstərdi. Bəzi insanlar virusun yox olduğunu düşündülər. Bunun nəticəsidir ki, yoluxma hər gün artmaqdadır. Sosial məsafəni qorumamağın, tibbi vasitələrdən istifadə etməməyin, ehtiyac olmadan bir yerə toplaşmağın acı nəticələrini görməkdəyik”. 

F.Şahbazlı qeyd edib ki, indiki vəziyyət hamı üçün siqnal və səfərbərlik çağırışı olmalıdır: 

“Hər kəs məsuliyyətini dərk etməli, dövlətin indiyə qədər atdığı addımların boşa getməməsi üçün əlindən gələni etməlidir. Dövlət vətəndaşların normal prosesə qayıtması üçün çalışır, lakin bəzi adamlar bu prosesi ləngidirlər, əlavə problemlər yaradırlar. Tibbi maskalardan istifadə mütləqdir. Virusun öldürücü təhlükəsini unutmamalıyıq. Özümüzü, ailəmizi və cəmiyyətimizi qorumalıyıq”.