AŞPA Ermənistana sərt üzünü göstərməyə borcludur: Təəssüf ki, bu baş vermir

Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı mühüm məsələlərə toxunub. Ölkə başçısı qeyd edib ki, indi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür:

“Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb”.

Prezident son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyinə də diqqət çəkib:

“Heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası (AŞPA) tamamilə nüfuzdan düşmüş bir quruma çevrilmişdir. Görünür AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. AŞPA-da son illər aparılan müzakirələr daha sönük keçməsi heç kəsə sirr deyildir. AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər”.

Prezidentin çıxışna dair fikilərini   “Sherg.az”la bölüşən siyasi şərhçi Azər Həsrət bildirib ki, AŞPA ikili mövqe sərgiləyərək susğunluq nümayiş etdirir və bununla da ermənilərə dəstək olur.

Analitik qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi dünyada geniş müzakirə olunan mövzular arasındadır:

“Bəzən şikayətlənirik ki, Dağlıq Qarabağ mövzusu yaddan çıxır, amma əslində elə deyil. Həqiqətən də Ermənistanın işğalçılığı beynəlxalq təşkilatlar tərəfindən, yaxud ayrı-ayrı qurumların müxtəlif müzakirə müstəvilərində dilə gətirilir. Təbii ki, qanunlar, xüsusən də beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ona görə də əksər beynəlxalq təşkilatlar birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Lakin Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünə hər hansı addım atmır, yaxud fikir səsləndirə bilmir. Amma Dağlıq Qarabağdakı işğalçı, bölücü ortaqlıq, qanunazidd əməllər törədiləndə AŞPA susqunluq nümayiş etdirməklə əslində ermənilərə dəstək olur. Azərbaycan və Ermənistan Avropa Şurasının üzvüdür. Hər iki dövlətin sərhədləri BMT tərəfindən tanınan sərhədlər kimi qəbul edilir. Avropa Şurası Azərbaycanı və Ermənistanı üzvlüyə qəbul edəndə BMT-nin tanıdığı sərhədlər çərçivəsində qəbul edib. Təbii ki, belə bir şəraitdə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana münasibətlə ölkəmizə münasibət eyni ola bilməz”.

A.Həsrət bildirib ki, Avropa Şurası insan hüquqları və demokratiya məsələri ilə məşğul olan dövlətlərarası təşkilatdır. Uzun illərdir Avropa Şurasının üzvü olan Ermənistan AŞPA-nın digər üzvü Azərbaycanın torpaqlarını işğal altında tutur, 1 milyona yaxın insanı qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur edir. Bununla da Avropa Şurasının təməl prinsipləri olan insan haqları və demokratiya məsələləri pozulur:

“Belə bir şəraitdə AŞPA Ermənistana sərt üzünü göstərməyə borcludur. Xüsusən də Dağlıq Qarabağda seçki adı altında gerçəkləşən teatr tamaşasına AŞPA sərt təpki verməli idi. Təəssüf ki, bu baş vermədi. Ona görə də cənab Prezident çox düzgün buyurur ki, AŞPA kimi qurumlar Azərbaycana münasibətdə qərəzlidirlər, ikili standartlarda çıxış edirlər. Əlbəttə Azərbaycan elə dövlət deyil ki, özünə qarşı bu cür sayğısız münasibətə biganə qalsın. Bu baxımdan cənab Prezidentin səsləndirdiyi fikirlər, özəlliklə siyasətlə məşğul olan Milli Məclis üzvləri, xarici ölkələrlə əlaqələri olan hər kəsi hərəkətə keçirməlidir. Elə etməliyik ki, AŞPA-da Azərbaycanın haqq səsi daha yüksəkdən eşidilsin”.