"Qaydalara tabe olmaq hər birimizin borcudur ki, mübarizədə qalib gələk” - Baş redaktor

Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Ölkə başçısının tibbi maskadan istifadə etməsi bütün cəmiyyətimizə bir örnək oldu.

Ölkəmizdə pandemiyanın hökm sürdüyü bir zamanda əhali arasında laqeydlik, məsuliyyətsizlik var. İnsanlar sosial izolyasiya qaydalarına əməl etmirlər. Bunun nəticəsidir ki, son günlər virusa yoluxanların sayında kəskin artımlar müşahidə edilir. Cənab Prezidentin maskadan istifadəsi isə bütün xalqımıza nümunə oldu.

“Səs” qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, bütün dövrlərdə cənab Prezident müəyyən məsələlərlə bağlı öz danışığı və duruşu ilə xalqımıza örnək olub. 

Ekspert bildirib ki, ölkə başçısının addımlarının hər biri nümunəvidir:

“Bunlar həyatda tətbiq olunacaq addımlardır. Cənab Prezidentin Tərtərdə görüşlərdə maska ilə iştirak etməsi cəmiyyətimizə bir mesajdır. Prezidentimiz göstərir ki, qaydalara əməl etmək, sosial məsuliyyəti dərk etmək, ətrafımızda olan insanların taleyini düşünmək lazımdır. Yəni, hər kəsin sosial və vətəndaş məsuliyyəti olmalıdır. Bunların hər biri ümumilikdə cəmiyyətin sağlamlığına xidmət edir. Cənab Prezident də öz davranışı, maska taxması ilə göstərdi ki, həssas olmaq lazımdır. Pandemiyanın birinci dövrünü başa vursaq da, o demək deyil ki, pandemiya bitdi və insanlar adi həyatlarına qayıda bilərlər. Əksinə ikinci bir məsuliyyət yaranır ki, pandemiyanın tam başa çatması üçün qaydalara əməl edib məsuliyyətli olaq”.

B.Quliyev bildirib ki, virusa yoluxmaların artım tempinə baxanda görürük ki, vətəndaş məsuliyyətsizliyi özünü göstərir:

“Statistika onu deyir ki, daha ciddi addımlar atmağa zərurət yaranır. Əhalinin, vətəndaşların sağlamlığını qorumaq üçün dövlət növbəti ciddi addımlar atmalıdır. Cənab Prezidentin jesti onu göstərir ki, maskadan istifadə etmək, gigiyenik qaydalara əməl etmək, izolyasiya qaydalarına tabe olmaq lazımdır.  Tibbi nöqteyi nəzərdən vacib olan şərtlərə əməl etmək lazımdır ki, koronavirusa qalib gələk. Koronavirus elan olunmamış soyuq müharibədir. Bu müharibədə qalib gəlmək üçün hər kəs məsuliyyətini dərk edib dövlətin yanında olmalı, həmrəylik nümayiş etdirməlidir.  İnsanlar şəhərdə gəzərkən qoyulan tələblərə riayət etməli, distansiya saxlamalı, maskadan istifadə etməli, gigiyenik qaydalara əməl etməlidir. Əllərin tez-tez yuyulub spirtlənməsi də vacibdir. Bu qaydalara tabe olmaq hər birimizin borcudur ki, mübarizədə qalib gələk”.