Vəziyyət ciddidir: “Sosial izolyasiya və tibbi maskadan istifadə vacibdir”

İki gün,ölkəmizdə hərəkət tam məhdudlaşdı. Bu gündən isə normal rejim bərpa olunub. Vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi yenə də vacib amillərdən biridir. Məsafənin saxlanması, maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir.
Bu gündən etibarən mollara və digər mağazalara yenə insan axını olacaq. Təəssüf ki, vətəndaşlar arasında maskasız olanlar da çoxdur, ara məsafəsini gözləməyənlər də. Bütün bunlara əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların  təhlükəsizliyi üçün vacibdir. 



Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, tətbiq olunan xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin yumşaldılması, fəaliyyətinə icazə verilməyən iş yerlərinin açılması, parkların, alış-veriş mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində insanlar, özlərini və ətrafındakı şəxsləri qorumaq üçün sosial məsafənin saxlanılması və maskadan istifadə etməyə daha çox ciddi riayət etməlidir:

“Ancaq əfsuslar olsun ki, bir çoxları buna ciddi yanaşmır, sosial izolyasiya qaydalarına riayət etmir, tibbi maskadan istifadə eləmir. Belə olan halda isə özlərini və ətrafdakı insanları yoluxdurma riski artır. Dünyanın demək olar ki, bütün ölkələrində, dünya mediasında əsas xəbərlər məhz koronavirusla bağlıdır. Həm yerli mediada, həm də xarici mediada ÜST-nın insanlara sosial məsafə saxlamağı, tibbi maskadan istifadə etməyi və şəxsi gigiyena qaydalarına riayət etməyin vacib olduğu bildirilir.

Yəni bu qədər təbliğat və maarifləndirmə aparılsa da yenə məsuliyyətsiz yanaşma hallarının çox olması məyusedicidir. Artıq vəziyyət ciddidir. Məhdudiyyətlərdən qabaq bir günə 30-40 yoluxma qeydə alınırdı ki, yumşaldılmadan sonra 379-a qalxması onu göstərir ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra insanların özlərini qorumaması, sosial məsafənin və tibbi maskadan istifadə etməməsinin nəticəsində yoluxma hallarının artmasına gətirib çıxardır”. 

Ekspert hesab edir ki, iş yerlərində, alış-veriş mərkəzlərində, bazarlarda və digər insanların çox olduğu məkanlarda buna nəzarət ciddi olmalıdır:

“Çöldə maskasız gəzənlər özləri də haradasa işləyirlər, hər gün işə gedib-gəlirlər. İş yerində bu qayda-qanunlara ciddi əməl olunduğunu görərsə, onlar işdən sonra ictimai nəqliyyatda da, bazarda və digər alış-veriş mərkəzlərində də buna riayət edərlər. Bir insan iş yerlərində maskadan istifadə etmirsə, sosial məsafə və şəxsi gigiyena qaydalarına riayət etmədən çalışırsa təbii ki, ictimai yerlərdə də həmin şəxs bu qaydalara riayət etməyəcək. Ona görə iş yerləri əsas olaraq insanların bu qaydalara uyğunlaşmasında həm maarifləndirmə, həm də təbliğat rolunu artırmalıdırlar”.