Həftə sonu qadağa yoluxmanın qarşısını almaq üçün hələ ki, ən real vasitədir

"Məsuliyyətsiz vətəndaşların sayı çox olacaqsa, görülən tədbirlər gücsüz qalacaq"
"Əgər bir həkim klinikadan çıxıb marketə maskasız daxil olursa, bu, insanlarda virus barədə yanlış təsəvvür, inamsızlıq yaradır"


 Həftə sonları evdən çıxmamaq qadağası nəyi dəyişdi və nəyi dəyişə bilər? İki günlük qadağanın koronavirusla mübarizədə əhəmiyyətli rolu olacaqmı? Əlbəttə, hamımız arzulayırıq ki, cavab müsbət olsun, 2 günlük küçəyə çıxmamaq qadağası yoluxma sayının azalmasına xidmət etsin.

Amma məsələnin arzulanan tərzdə həlli böyük mənada vətəndaşların ictimai məsuliyyətindən və tətbiq edilən qaydalara hansı dərəcədə riayət etmələrindən hansı dərəcədə asılıdırsa, müvafiq qurumların iş fəaliyyətindən də bir o qədər asılıdır. 2 günlük qadağadan sonra həftənin ilk iş günü müşahidə edilənlər o qədər də  ümidverici sayılmaz. Niyəsini açıqlayaq. Həftənin bazar günü səhər saatlarında metroda qatarlararası interval 4-5 dəqiqəyə “qalxmışdı”. Belə vəziyyətdə vaqonlarda sıxlıq olacağı və sosial məsafənin qorunmasının qeyri-mümkünlüyü aydın məsələdir. İkinci hal, “20 Yanvar” dairəsi ərazisindəki tıxacdır. Hansı ki, buna səbəb avtomobillərin texniki baxışa görə saxlanması idi. Halbuki ölkədə elektron hökumət sistemi işlək vəziyyətdədir, sürücülər elektron qaydada xəbərdarlıq da edilə bilər, cərimə olunduqları barədə bildiriş də göndərilə bilər. Belə bir imkan olduğu halda avtomobillərin səhər saatlarında, hərəkət intensivliyi olan bir yolda saxlanıb yoxlanmasının tıxac yaradacağı aşkardır. Bir avtobusun tıxacda gecikməsi dayanacaqda və avtobus salonunda sıxlığa səbəb olacaq əlbəttə.
 
 İctimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında bildirdi ki, sərtləşdirilmiş karantin rejimi yoluxma sayının azaldılması məqsədi daşıyır, lakin məqsədə hansı dərəcədə nail olacağımız ilk növbədə özümüzdən asılıdır: 



- 2 günlük qadağadan sonra bu gün işə gedərkən yolda 10 adamdan yalnız 2 nəfərin maska taxdığını gördüm. Hətta biri maskanı çənəsinin altına saldı, asqırdı, sonra maska ilə ağzını örtdü... Əlbəttə, belə məsuliyyətsiz vətəndaşların sayı çox olacaqsa, görülən tədbirlər gücsüz qalacaq. Amma qaydalara əməl edilsə, tövsiyə edilən qaydaları hər kəs özünə təlqin etsə və bunu vərdişə çevirsə, virusa qalib gələcəyik. Dövlət bütün mümkün vasitələrlə təhlükənin real olduğunu insanlara çatdırır. Tövsiyə edilir; qoruyucu maska taxın, sosial məsafəni gözləyin, zərurət olmadıqca evdən çıxmayın, ictimai nəqliyyatdan az istifadə edin... Mən işə gedəndə  bir dayanacaq irəlidə düşürəm, hərçənd bu mənim ən azı 20 dəqiqəmi alır, amma avtobusdan bir dayancaq əvvəl düşməklə ictimai nəqliyyatdan az istifadə etmək tələbinə əməl etmiş oluram, sıxlıqdan uzaqlaşıram və mümkün qədər qorunuram.  Qaydalara hamı əməl etsə, yoluxma sayı əhmiyyətli dərəcədə azalacaq. Görürük ki, qardaş Türkiyədə təxminən 2 aya yaxındır həftə sonları küçəyə çıxmamaq yasağı tətbiq edilir və nəticə də müsbətdir. Yoluxma sayında əhəmiyyətli azalma müşahidə edilir. Azərbaycanda karantin qaydalarının sərtləşməsi yalnız 4 şəhər və 1 rayonda tətbiq edilir, çünki məhz bu şəhərlərdə əhali sıx məskunlaşıb, iş yerləri, müəssisələr də bu ərazilərdədir. Deməli, bu ərazilərdə yoluxma risqi artıqdır, virusun yayılması üçün münbit şərait var və hökumət də qabaqlayıcı tədbirlər görür. Ona görə də əhali şüurlu surətdə qaydalara, qadağalara əməl etməlidir. Məsuliyyətsiz davranışlarla nəyəsə nail olmaq mümkün deyil. Əksinə, özümüzü, doğmalarımızı, yaxınlarımızı, ümumilikdə cəmiyyəti təhlükəyə atırıq. Qaydalara hamı əməl etməlidir, o cümlədən də qaydaları tətbiq edənlərin özü də. Əgər bir həkim klinikadan çıxıb marketə maskasız daxil olursa, bu, insanlarda virus barədə yanlış təsəvvür, inamsızlıq yaradır. Həmçinin dediyiniz tıxac, metrodakı gecikmə məsələləri. Metropoliten rəhbərliyi elan edirsə ki, qatarlararası interval 2 dəqiqə - 2 dəqiqə yarım olacaq, belə də olmalıdır. Həmçinin avtomobillərin texniki baxışa görə hərəkətin intensiv olduğu magistral yolda saxlanması tıxaca səbəb olmalıdır. Sürücülərə, avtomobil sahiblərinə elektron bildirişlər vasitəsilə xəbərdarlıq edilməlidir. 

 A.Allaverənov qeyd etdi ki, karantin qaydalarının yumşaldılması yoluxma sayının azalması ilə bağlı olduğu kimi, qaydaların sərtləşdirilməsi də yoluxma statistikası ilə bağlıdır: 

- Yoluxma statistikası təhlil edilir və təhlilləırin nəticəsinə uyğun olaraq da qaydaların yumşaldılması və ya sərtləşdirilməsi qərarı verilir. Əgər yoluxma sayında artım müşahidə edilirsə, əlbəttə karantin qaydaları sərtləşməlidir. Çünki bu, yoluxmanın qarşısını almaq üçün hələ ki, ən real vasitədir. Dövlət tərəfindən elan edilən  qaydalara mütləq şəkildə əməl edilməlidir ki, aparılan preventiv tədbirlərin də əhəmiyyəti, müsbət nəticəsi olsun. İlk növbədə maksimum sosial təcrid – minimum ünsiyyət olmalıdır. İnanın, virusa yoluxmuş şəxslə yoluxmamış şəxs hər ikisi də qoruyucu maska taxacaqsa, yoluxma 1,5 faiz olacaq. 

A.Allaverənov həftə sonu qadağasının nəticələrinin təhlil ediləcəyini və bəzi dəyişikliklərin tətbiq olunacağını da istisna etmədi:
 
- Bəli, son 2 gündə bəzi çatışmazlıqlar oldu. Məsələn, zəruri dərman ehtiyacları ilə bağlı. Hesab edirəm ki, hökumıət təhlil aparacaq və ola bilsin, həftə sonu qadağası təkrarlanarsa, hər inzabati rayonda növbətçi apteklərin, eləcə də ərzaq dükanlarının fəaliyyətinə xüsusi icazə verilsin. Çünki heç kim 2 gün hansı ağrıdan əziyyət çəkəcəyini təxmin edə bilməz, eləcə də zəruri bir ehtiyacı yarana bilər. Yəqin təhlillər aparılacaq və uyğun qərar veriləcək.