Həkim hamımıza tanış olan ağrılardan danışdı: “Hərəkətsizlik orqanizmin düşmənidir”

Son vaxtlar insanlarda müxtəlif nahiyələrdə, o cümlədən kürəkdə ağrılar hiss olunur. Heç kim səbəbi bilmir. Koronavirus azmış kimi bir yandan da belə ağrılar adamı lap dilxor edir.

Kimi qolunu tutur, kimi ayağını, kimi də belini. Qəribədir, çoxlarının eyni vaxtda bədəndəki ağrılardan şikayət etməsi təsadüfdürmü? 

 Bu barədə “Sherg.az”a danışan həkim, fəlsəfə üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı bildirdi ki, bu, müxtəlif səbəblərlə bağlı ola bilər:

“Statistikaya baxsaq bu cür ağrıların dünyada geniş yayıldığını görə bilərik. Azərbaycanda xeyli adam analoji narahatlıqdan əziyyət çəkir. 
Bu, ilk növbədə hava şəraiti ilə əlaqədardır. Bildiyiniz kimi, ölkəmizdə rütubətlilik güclüdür. Eyni zamanda fəsillərin əvəzlənməsi ilə bağlı olaraq günəş şüasının intensivliyinin, atmosfer təzyiqinin dəyişməsi də məsləyə təsir edən məqamlardandır. 



Hava dəyişkənliyi xüsusilə meteohəssas adamlara çox tez təsir edir. Onların “təbiətin barometri” adlandırılması heç də təsadüfi deyil. Çünki belələri havadakı dəyişkənliyi bir neçə gün əvvəlcədən hiss edirlər”. 

Ş.Namazlının sözlərinə görə, bəzi insanlardakı fiziki xəstəliklər zaman-zaman bu cür ağrıların baş qaldırması ilə nəticələnir: 

“Bir qisim astrexandroiddən, bəziləri revmatizmadan əziyyət çəkirlər. Bu adamlar özlərini daha yaxşı qorumalıdırlar. Çox vaxt insanlar ürək ağrısından şikayət edirlər. Amma təcrübə göstərir ki, həmin ağrıların çoxu ürək yox, kürəklə bağlıdır. Bir çox hallarda fəqərələr arasında  mübadilə düzgün olmur. Beləliklə, ciddi fəsadlar meydana çıxır”.

Həkim, həmçinin bildirdi ki, belə ağrılara səthi yanaşmaq olmaz: 

“Adətən daim maşın sürən və ya kompüter arxasında oturan adamlarda belə problemlər olur. Çünki onlar hərəkətsiz qalırlar. Nəzərə almaq lazımdır ki, hərəkətsizlik orqanizmin düşmənidir. Bu nöqteyi-nəzərdən insanlara idmanla, o cümlədən üzgüçülüklə məşğul olmağı, fəal həyat tərzi keçirmələrini məsləhət görürəm. Heç olmasa ildə bir dəfə fizioterapiya seanslarında iştirak etmək çox ciddi effekt verir. Bilmirəm, niyə insanlar acı, sintetik dərmanları həvəslə atdıqları halda fizioterapiyadan qaçırlar. Hərçənd ki, fizioterapiyanın nəticəsi daha çoxdur. Dediyim kimi, ağrıların ekoloji tarazlığın pozulması, fiziki passivlik və sair  kimi ən müxtəlif səbəbləri ola bilər. Əsas odur ki, insan bütün bunlara laqeyd yanaşmasın, özü özünün təbibi olsun”.