“Vətəndaşların sağlamlığı dövlət üçün prioritet məsələdir”

“İnsanlarımız da sosial izolyasiya tədbirlərinə, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidirlər”

“Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur” 



“2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından ölkəmizdə yayılmağa başlayan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən təxirəsalınmaz, qətiyyətli tədbirlər görülüb, karantin rejimi tətbiq olunub. Bu dövr ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər həyata keçirilib”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.

Deputatın sözlərinə görə, aylardır ki, ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb:

“Vətəndaşların sağlam həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Ölkəmiz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. DST-nin ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

Azərbaycan hökuməti DST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir. Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır”.

Deputat bildirib ki, Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması, karantin rejiminin tətbiqi, eyni zamanda 2 gün bundan öncə ölkədə sərt karantin rejiminin tətbiqi hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verir:

“Bildiyimiz kimi, 2 gün idi ki, ölkəmizdə bütün hərəkət tam məhdudlaşdı. Bu gündən isə normal rejim bərpa olunub. Buna baxmayaraq vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi yenə də vacib amillərdən biridir. Məsafənin saxlanması, maskadan istifadə, gigyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Bu gündən etibarən mollara və digər mağazalara yenə insan axını olacaq. Təəssüf ki, vətəndaşlar arasında maskasız olanlar da çoxdur, ara məsafəsini gözləməyənlər də. Bütün bunlara əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir”.

A.Məmmədov bildirib ki, bu gün hər bir vətəndaşımız cənab Prezident İlham Əliyevin Tərtər rayonun Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsini özünə nümunə götürməli, şəxsi məsuliyyətini hiss etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir:

“Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur”.