Mühüm mesaj: “Düşmən artıq başqa yollarının qalmadığını görür”

“Çünki bütün təxribatlarının qarşısı alınır. Ona görə də təbii olan bir hadisəni şişirdir, böyüdürlər”


Bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında Ermənistan Silahlı Qüvvələrinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhəddində yeni döyüş mövqeyinin yaradılması haqda məlumat yayılıb.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti isə bu informasiyanın həqiqətdən kənar olduğunu bildirir. 
DSX-nın məlumatında deyilir:

"Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhəddindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermənistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir".

Qeyd olunur ki, əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb.   
     
Ehtiyatda olan polkovnik Şair Ramaldanov yayılan məlumatları “Sherg.az”a təhlil edib. Onun sözlərinə görə, narahatlığa heç bir əsas yoxdur:

“Ermənistan öz ərazisində, sərhədləri daxilində mövqe qurub. Burada təəccüblü heç nə yoxdur. Əksinə, tam təbiidir. Yəqin ki, orada müxtəlif mühəndis-istehkam işləri aparılır, kəşfiyyat qurğuları quraşdırılır. Əsas odur ki, aparılan işlər Azərbaycan sərhədçilərinin öz döyüş tapşırıqlarını yerinə yetirməyə mane olmur. Biz sərhədlərimizi uğurla qoruya bilirik. Təkrar edirəm, Ermənistan Azərbaycanda ərazisində yox, öz sərhədləri daxilində post qurub. Narahatlığa heç bir əsasd yoxdur”. 

 Ş.Ramaldanovun fikrincə, bu hadisənin belə ictimailəşdirilməsi Ermənistanın siyasətidir:

“Düşmənlər sözün əsl mənasında PR aparır və bu yolla ictimai şüura təsir etməyə çalışırlar. Hazırda daxili auditoriyanı sakitləşdirmək, yerli əhalidə ümid yaratmaq onların əsas məqsədidir. Həm də düşmənlər artıq başqa yollarının qalmadıqlarını görürlər. Çünki bütün təxribatlarının qarşısı alınır. Ona görə də təbii olan bir hadisəni şişirdir, böyüdürlər”.