Sürətli informasiya dövrü ilə ayaqlaşmaq olmur

İş o zaman ciddiləşir ki, təsdiqlənməmiş, şayiə xarakterli informasiyalar artıq dövləti və milli təhlükəsizliyi təhdid etməyə başlayır. Belə olan halda “sosial şəbəkələrə senzura” tələbləri də haqlı görünür

(əvvəli ötən sayımızda)


Sosial şəbəkələrə senzura tələbi getdikcə güclənir. Bir gün bunun baş verəcəyini təxmin etmək elə də çətin olmasın gərək. Zatən, insan öz əliylə - beyninin məhsulu ilə ortaya çıxardığı bir çox yeniliklərdən, texnologiyalardan zaman keçdikcə zərər görür. Təfərrüata varmayaq. İnformasiya yayımı sahəsinə baxsaq, kifayətdir. Qədim dövrlərdən papirus kağızlarına edilən qeydlər zamanın dəyirmanında üyüdülə-üyüdülə zəmanəmizdə noutbuk, planşet, smartfonlarda nəinki dəqiqə, saniyələrlə yenilənən informasiya dövrünə gəlib çıxdı.

Və artıq bu informasiya selinin qarşısında dayanmaq çox zordur. Bəzənsə hətta mümkün də deyil. Doğru, zəruri informasiya paylaşımları olsa, nə vardı ki!.. Problem bundadır ki, xəbər paylaşmaq üçün əlində kiçicik imkanı olan özünü “Xəbər yayımçısı” elan edir və ağına-bozuna baxmadan cəmiyyətə informasiya ötürür.

Daha bu informasiyanı yaymaq olarmı, doğrudurmu, şayiə deyil ki, kimlərə zərəri ola bilər… düşünmürlər. Təki, ilk xəbər yayan o olsun və oxucu sayı artsın. Məsələ, konkret subyektlərlə bağlı olsa, yenə dərd yarıdır. Amma iş o zaman ciddiləşir ki, təsdiqlənməmiş, şayiə xarakterli informasiyalar artıq dövləti və milli təhlükəsizliyi təhdid etməyə başlayır. Belə olan halda “sosial şəbəkələrə senzura” tələbləri də haqlı görünür. 

Sosial şəbəkələrin “əlini-qolunu bağlamaq” cəhdi ABŞ Prezidenti Donald Trampdan gəldi. Ötən ayın sonları ABŞ prezidenti “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayaraq 1996-cı ildə ölkəsində qəbul edilən “Kommunikasiya Müdafiə Aktı”nın 230-cu paraqrafının ləğvilə bağlı qərar qəbul etdi.

24 il əvvəl qəbul edilən həmin paraqrafa görə texnoloji şirkətlər öz sosial şəbəkələrində, platformalarında yayılan informasiyaların məzmununa görə məsuliyyət daşımırdılar. Trampın məlum qərarından sonra isə, sosial şəbəkələrdə yayılan dezinformasiyaya görə, həmin platformalar birbaşa hüquqi məsuliyyət daşıyacaqlar.  

Ələsgər Məmmədli: “Sosial şəbəkələr platforma funksiyasını aşır” 

Donald Trampın “Twitter” ilə çəkişməsi bütün dünyada “sosial şəbəkələr necə tənzimlənməlidir” sualını aktuallaşdırıb. Bir zamanlar Donald Trampın əsas informasiya dəstəkçisi olan “Twitter”,  indi “xidmətinin qarşılığını almaq” iddiasına düşüb. 

“Twitter” administrasiyasının Trampın tvitlərini  gizlətməyə, bloklamağa başlayıb, onlara  "saxta, yalan ola bilər" işarəsi əlavə etməsini ciddi hadisə kimi dəyərləndirən hüquqşünas Ələsgər Məmmədli deyib ki, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir; fəaliyyətləri şəffaf və hesabatlı deyil:

- Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərar qəbul etməsinin ictimai müzakirə baxımından çox önəmli tərəfləri var. Məsələ həqiqətən ciddidir və müzakirəyə açıqdır. Əgər sosial şəbəkə sadəcə bir alt yapı kimi (platforma) hərəkət etsə, gərək məzmuna qarışmasın və yalnız məzmun hüquqi mübahisələndirildikdən sonra hüququn əmr etdiyini icra etsin. Amma sosial media platforması özü redaktorluğa gedirsə, bu mənə görə də ifadə azadlığını zədələyir və Tramp bu durumda haqlı görünür. Sosial şəbəkənin özbaşına (hüquqi yol olmadan) hansısa paylaşıma yalan, böhtan, saxta xəbər və s. deməsi artıq məzmuna rəydir və platforma funksiyasını aşır.

Bununla belə ekspert qarşı tərəfin də qüsurları olduğunu deyib. Onun sözlərinə görə, tviterin D. Trampın paylaşımlarına məhdudlaşdırıcı işarə qoyması, burada yalan, böhtan ola bilər kimi ifadələrlə təqdim etməsi yanlış addımdır: 

- İkinci məsələ isə bundan qıcıqlanan Trampın sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalamasıdır. Tramp hesab edir ki, aktiv siyasətlə məşğul olan sosial medialar onun siyasətinə qarşıdır. Bundan çıxış yolunu da sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaqda görür. Bu isə yolverilməzdir. Sosial şəbəkələrin özü bir platformadır. 

ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi qərarın Azərbaycana təsirinə gəldikdə isə media eksperti deyib ki, ölkəmizdə sosial media üzərindəki məzmun birmənalı olaraq tənzimləndiyi üçün  analoji qərarın bizdə verilməsi gözlənilən deyil:
- Mühafizəkarlar anlayırlar ki, ənənəvi qlobal media qurumları ilə yanaşı sosial media da onlara qarşı çıxarsa, vəziyyət çox pis ola bilər. 

Osman Gündüz: “Böyük dövlətlər də sosial şəbəkə təhdidi ilə üzləşir”

"Uzun müddət olardı ki, ABŞ Prezidenti Trampla dünyanın əsas media qurumları arasında bir savaş gedirdi. Sonuncu prezident seçkilərində qlobal media qurumlarının deyil, necə deyərlər, "xalqın dəstəklədiyi" Trampın qalib olmasından sonra bu mübarizə bir an da olsa dayanmayıb". 

Bu sözləri  “Şərq”ə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. İndi  situasiyanın dəyişdiyini vurğulayan İKT mütəxəssisi deyib ki, Trampın əsas informasiya silahı olan “Twitter” onun tvitlərini gizlətməyə, bloklamağa və işarələməyə başlayıb: 

- “Twitter” administrasiyası bunu açıq-aşkar edir və Trampın tvitlərinin "saxta da, yalan da ola bilər" işarəsi ilə işarələməyinin qanuna uyğun olduğunu bildirir. Ötən qısa zaman müddətində “Twitter” Trampın bir neçə tvitini bloklayıb.

Əvvəllər qlobal sosial media resursları, bəzən balaca ölkələrə qarşı ikili standartlardan istifadə edirdilərsə, indi hətta böyük ölkələrin, bu media qurumlarının "ana vətəni" sayılan ölkənin prezidentinə qarşı da bu standartları tətbiq edirlər. Maraqlı situasiya yaranıb, balaca ölkələrin sosial medianın müxtəlif təhdidləri ilə bağlı həmişə şikayətləndikləri vəziyyətlə, indi ABŞ prezidentinin özü üzləşib.

Belə olan halda Tramp çıxılmaz vəziyyətdə qalıb. Açıq-aşkar bildirir ki, daha uyğun sosial media olsa, tvitter hesabını bağlayıb ondan istifadə edərdi. Hətta daha dərinə gedərək, hüquqi imkanlar olarsa, “Twitter”i ABŞ-da bağlaya biləcəyini də gizlətməyib. Görünən odur ki, ABŞ prezidenti də sosial medianın hüdudsuz hakimiyyətə sahib olmasından narahatlığını bildirməyə başlayıb.

Tramp bunun qarşısının alınması istiqamətində dərhal da fəaliyyətə başlayıb. Tramp ötən gün sosial medianın ABŞ ərazisində tənzimlənməsi ilə bağlı, hələlik mətni tam açıqlanmayan sərəncam imzalayıb.

Bununla da sosial medianı məsuliyyətdən və məhkəmə iddialarından qoruyan, 1996-cı ildə, uzun müzakirələrdən sonra qəbul edilən Qanuna dəyişiklik edilməsi təklif olunur. Bu qanuna görə sosial mediada olan paylaşımlara görə onların sahibləri məsuliyyət daşımırlar, yalnız istifadəçilər məsuliyyət daşıyırlar.

Tramp da iddia edir ki, əgər sosial media administrasiyası hansısa paylaşımı saxtalığı ilə bağlı işarələyirsə, bu artıq ifadə azadlığına qarşıdır, senzuradır və bununla da sosial media redaktor səlahiyyəti əldə etmiş olur və buna görə də o, məsuliyyət daşımalıdır. Yəni yuxarıda adıçəkilən qanun artıq sosial media resursuna tətbiq edilə bilməz və ona qarşı məhkəmə işi açıla bilər.

ABŞ-da qarşıdan prezident seçkilərinin gəldiyini vurğulayan O.Gündüz belə deyib:

- Mühafizəkarlar anlayırlar ki, ənənəvi qlobal media qurumları ilə yanaşı sosial media da onlara qarşı çıxarsa vəziyyət çox pis ola bilər. Tramp və mühafizəkarlar çıxış yolları arayırlar. Adıçəkilən qanuna dəyişikliyin asan olmayacağı da qabaqcadan bəllidir. Trampın qəbul etdiyi sərəncamla bağlı “Twitter”, “Facebook”, “Google” və digər qlobal resursların sahibləri tənqidi çıxışlar ediblər. Onu internet azadlığı və ifadə azadlığına qarşı, azad sahibkarlığa qarşı çıxmaqda “Sosial şəbəkələri mənəvi terror və təhqir platformasına çevirmiş “virtual terrorçuların” cəzalandırılması zamanın tələbinə çevrilib. 

Vüqar Rəhimzadə: “Bəziləri sosial şəbəkələri mənəvi terror və təhqir platformasına çevirir” 

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələr üzərində nəzarəti artıran sərəncamına “Facebook” şirkətinin yaradıcısı və sahibi Mark Zukerbergin mövqeyi fərqlidir. M.Zukerberg ölkədə sosial şəbəkələrin fəaliyyəti üzərində nəzarətin gücləndirilməsini dəstəkləmir. Onun fikrincə, bu, senzuraya gətirib çıxaracaq.

M.Zukerberg Prezident Donald Trampın sosial şəbəkələr üzərində nəzarəti gücləndirəcək qanunu imzalaması barədə açıqlama verib: “Mənə onun məhz nə etmək istədiyini anlamaq lazımdır. Ümumilikdə hakimiyyətin hansısa platformanı nəzarətə götürmək qərarını düzgün reaksiya hesab etmirəm”.
Məsələni dəyərləndirən “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə “Şərq”ə açıqlamasında bildirib ki, bu günə qədər sosial şəbəkələr haqqında həm publisistik, həm də elmi yazılar olub, araşdırmalar aparılıb. Lakin çox az insan gözləyirdi ki, sosial şəbəkələr “virtual terror” platformasına çevriləcək.

Baş redaktor bildirib ki, sosial şəbəkələr yaradılarkən onların əsas funksiyası insanlar arasında ünsiyyət əlaqəsini daha da sıxlaşdırmaq idi. Amma zaman keçdikcə siyasətin, biznesin, psixoloji hücumların, hətta siyasi inqilabların sosial şəbəkələrə sirayət etməsi bu seqmentin mahiyyətini və funksiyasını tamamilə dəyişdi:

- Elə bu səbəbdəndir ki, artıq dünya ictimaiyyətində sosial şəbəkələrlə bağlı mənfi qənaət formalaşıb. Sosial şəbəkələrin yaratdığı problemlər artıq dövlətləri və iri şirkətləri də narahat etməyə başlayıb. Bir sıra ölkələrdə sosial şəbəkələr ya qismən, ya da tamamilə qadağan edilib. Banqladeşdə "Facebook" 2010-cu ildə qadağan edilib. Səbəb isə dinsizliyin təşviqatıdır.

Çində də sosial şəbəkə və dünyada populyar olan platformaların bir çoxu ya tam, ya da qismən bloklanıb. Çin hökumətinin qurduğu “Qızıl qalxan” sistemi kontentin filtrlənməsi ilə məşğuldur. “Google”, “Facebook”, “Twitter”, “YouTube”, “İnstagram” kimi məşhur şəbəkələr Çində bloklanıb. “Qızıl qalxan”ın 2 milyona qədər əməkdaşı var. Hər gün milyonlarla müxtəlif məzmunlu sorğular monitorinq edildikdən sonra internetə buraxılır. Misirdə də baş verən qarşıdurmalar və etiraz aksiyalarında "Facebook" böyük rol oynayıb. Nəticədə 2010-cu ildə bu ölkədə "Facebook"a giriş məhdudlaşdırılıb. 

V.Rəhimzadə qeyd edib ki, sosial şəbəkələrdəki məlumatlara, paylaşımlara görə məsuliyyət məsələsi artıq ABŞ-da da gündəmə gəlib. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək edəcək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək fərman imzalayıb: 

- Donald Tramp tərəfindən imzalanan sənəd ABŞ-da, xüsusən sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən qanunun 230-cu bəndini qüvvədən salacaq. Bu, internet şirkətlərini yaratdıqları platformalarda yerləşdirilən mesajların məzmununa görə məsuliyyətdən azad edir.
Beləliklə, sözügedən bənd “Twitter” və “Facebook” şirkətlərini hər hansı bir paylaşıma görə böhtan və ya şərəf və ləyaqətin alçaldılması kimi mümkün ittihamlardan qoruyur. Bununla yanaşı, sözügedən qanun sosial şəbəkə şirkətlərinə həmin paylaşımları redaktə etmək icazəsini tanıyır. Lakin həmin bənd qüvvədən düşdükdən sonra sosial şəbəkə şirkətlərinin toxunulmazlıqları da aradan qaldırılacaq və istər sosial şəbəkə şirkətləri, istərsə də sosial şəbəkə istifadəçiləri yazılan statuslara, postlara görə məsuliyyət daşıyacaqlar.

Baş redaktor bildirib ki, artıq Azərbaycanda da sosial şəbəkələrdəki fəaliyyətə görə məsuliyyətə cəlb olunma qanunvericiliyi və prosedurların tətbiq edilməsi vaxtı çatıb:

- Bu gün sosial şəbəkələrin və internetin başlanğıc götürdüyü ABŞ-da bu cür addımlar atılırsa niyə bu, Azərbaycanda da olmasın? Sosial şəbəkələri mənəvi terror və təhqir platformasına çevirmiş  “virtual terrorçuların” cəzalandırılması zamanın tələbinə çevrilib. Sosial şəbəkələrdəki “terror”un və təhqirin qarşısının alınması söz azadlığının məhdudlaşdırılması demək deyil.