"Məni həmişə öz dərsinə vurğunluq yaradan müəllimlər valeh edib" - FOTOLAR 

Fuad Əlişov: "Amma, görünür, taleyin planları başqa imiş…"

Yaxşı film böyük komanda zəhmətinin bəhrəsidir. Kollektivi düzgün şəkildə ruhlandıra bilən rejissor ən çətin layihələrlə belə uğur qazanar



Koronavirus pandemiyası ilə mübarizə apardığımız çətin günlərdə mənən xoş əhval-ruhiyyəli yazılara ehtiyac duyuruq. “Sherg.az” da bu amili nəzərə alaraq müsbət ab-havalı müsahibələr təqdim etməyə çalışır. Bugünkü qonağımız isə tanınmış rejissor Fuad Əlişovdur. 

- Fuad müəllim, yaradıcılıq işləriniz davam edirmi? 

- Xüsusi karantin rejimində, bir çox sahələrdə olduğu kimi video istehsalında da işlər dayanmışdı. Bu günlərdə yavaş-yavaş bərpa etməyə çalışırıq, əsasən də, reklam işlərini… 

- Maraqlıdır, karantin dövrünü nələr qazanaraq başa vurdunuz? 

- Yaradıcı adam üçün karantin günləri əvəzedilməz mərhələ idi. Son aylar düşünmək üçün intellektual qida verirdi. Təkcə oxuduğum kitabları, baxdığım filmləri deyil, həm də ölkəmizdə, dünyada, bəşəriyyətin həyatında izlədiyim dəyişiklikləri nəzərdə tuturam. Karantin dövrünün passiv rejimi insanların ən dərin düşüncələrini üzə çıxardı. Onları silkələdi, həyata yenidən dəyər verməyə məcbur etdi. Məncə, düşünən və yaradan insanlar bu mərhələdən qaynaq kimi istifadə edəcəklər. 

- Yeni layihələriniz, işləriniz varmı? 

- İdeyalar çoxdur, onları daha yaxşı süzgəcdən keçirmək və formalaşdırmaq lazımdır. Xüsusi karantin rejimi insanlara psixoloji cəhətdən müxtəlif formada təsir etdi. Bunu “həzm etmək” və düzgün nəticələr çıxarmaq üçün vaxta ehtiyac var. 

- Bir rejissor kimi karyeranızla bağlı nə kimi xəyallarınız var?

- İşimə karyera kimi baxmamağa çalışıram. Çünki belə görəndə, məcburən sənə maraqlı gəlməyən layihələri də üzərinə götürməli olursan. Yaradıcılıq isə daxili aləmin güzgüsüdür. Yaş artdıqca insanı kiçik həcmli proyektlər (klip, müxtəlif çarxlar) bir ifadə vasitəsi kimi çərçivədə saxlayır. Ona görə də xəyallar, təbii olaraq, tammetrajlı filmlərlə bağlıdır. Maraqlı fikirlər var, lakin onları reallaşdırma yollarını tapmaq asan deyil. 

- Sizcə, rejissorluq peşəsi nə tələb edir? 

- Rejissor çoxsaylı xüsusiyyətlərə malik olmalıdır. Qorxuram, sadalamağa başlasam söhbətimiz bitməz (təbəssüm edir). Rejissor layihənin aparıcı qüvvəsidir. O, saysız-hesabsız qərarların, sonu gəlməyən kompromislərin və nəticənin məsuliyyətini üzərinə götürməyi bacarmalıdır. Yaxşı film böyük komanda zəhmətinin bəhrəsidir. Kollektivi düzgün şəkildə ruhlandıra bilən rejissor ən çətin layihələrlə belə uğur qazanar. Bundan əlavə, hərtərəfli təhsili, özünəməxsus dəsti-xətti olmalı, istehsalın texniki tərəfini bilməlidir. Dünya kinosunda yaranan meyillərdən xəbərdar şəkildə işləməlidir. Bu cəhətlərin hər birinin vacibliyi haqqında ayrı-ayrılıqda danışmaq olar. Hələ ünsiyyət qurma bacarığını və bunu gülümsəyərək etməsini demirəm. Yumor çəkiliş meydançasında tez-tez yaranan münaqişə vəziyyətlərindən çıxmağa və ya yorğunluğu aradan qaldırmağa kömək edir.

- Maraqlıdır, övladlarınızın incəsənət sahəsində çalışmasını istərdinizmi? 

-Gələcəkdə övladlarımın hansı sahədə istedadlarını göstərib, hansı peşəni sevəcəklərini bilsəm, dünyanın ən xoşbəxt valideyni olaram. Onları dərhal istiqamətləndirməyə başlayardım. Təəssüf ki, məndə gələcəyi görmək qabiliyyəti yoxdur. Hər valideyn kimi, onların sağlam, xoşbəxt, təhsilli böyüməsi üçün çalışıram. Hələ ki, dərsləri, əlavə kursları, təhsildən kənar maraqları var… Səbrlə, bütün bunların içərisindən öz istəklərini və istedadlarını kəşf edəcəkləri günü gözləyirəm. 

- Görəsən, Fuad Əlişov rejissor olmasa hansı peşə sahibi olardı? 

- Məni hər zaman müasir düşüncəli, şagirdlərlə səmimi ünsiyyət yaratmağı bacaran, öz dərsinə vurğun edən müəllimlər valeh edib. Bəxtimdən həyatımda 2-3 müəllimim belə olub. Hətta birinə əməlli-başlı vurulmuşdum. İş o yerə çatmışdı ki, məktəbi bitirəndə hər biri öz istiqamətlərində təhsilimi davam etməyi məsləhət gördü. Seçim etməkdə çətinlik çəkirdim. Onda fikrimdən keçdi ki, bəlkə elə müəllim olum?! Amma, görünür, taleyin planları başqa imiş… 

- Mədəniyyət naziri vəzifəsindən azad olunanda, deyildi ki, ən çox qayğıdan kənarda qalan sahələrdən biri kinodur. Fikrinizcə, doğrudan da belədirmi? 

- Həyatımın bir hissəsini müxtəlif keçid dövrlərində yaşamışam. Sosializmdən kommunizmə addımladıq, lakin gedib çıxa bilmədik. Sonra müstəqillik qazanıb, demokratik dövlət qurmağa başladıq… Psixoloji cəhətdən hazırlıqlı idik. Bilirdik ki, belə zamanlarda səbrli olmaq lazımdır. Həmin dövrdə mədəniyyətimizin digər sahələrində olduğu kimi, kinoda da durğunluq yaşanırdı. Kinostudiyamızda qulaq batıran sükut var idi. Tək-tük hallarda fərdi pullarla çəkilən filmlər olurdu. Belə şəraitdə kino istehsalının dövlət tərəfindən nəzarətə götürülməsi məntiqli və gözlənilən addım idi. Əminəm ki, kinonun dirçəlib inkişaf etməsi üçün Mədəniyyət Nazirliyinə müvafiq göstərişlər verilib, vəsaitlər ayrılıb. Amma son hadisələr göstərdi ki, o pulların səsi mədəniyyətimizə aid olmayan yerlərdən gəlir. Nəticədə isə oğurlanan maliyyə vəsaitindən qat-qat dəyərli şeylər mənim və həmkarlarımın ən enerjili, ambisiyalı, xəyallarla dolu illəri oldu… 

- Yeni dövr kino, film sahəmizin inkişafı nə səviyyədədir?

 - Kino bir biznesdir. Ona görə bu sahədə pul qazanmaq, incəsənət əsəri yaratmaq istəyini kölgədə qoyur. Amma həmin reallığın da xoşagəlməz şərtləri var. Burda pul qazanmağın ən asan yolu kütləyə istədiyini göstərməkdir. Hazırda tamaşaçının niyə “yüngül” kino axtarması da ayrıca diskussiya mövzusudur. Bir şeyi etiraf etməliyik ki, milli kino-biznesimiz yeni yola başlayıb. Bu yolun başlanğıcında müəyyən yanlışlıqların olması təbiidir. İti çıxışları ilə tanınan sovet dövrünün fiziki Sergey Kapitsanın belə bir ifadəsi var idi: “Mədəniyyəti xalqa məcburən də olsa yeritmək lazımdır. Əks təqdirdə, bizi xaos gözləyir”. Dövlətin kino sahəsini nəzarətə alması, həm də onu ehtiva edir ki, Mədəniyyət Nazirliyi zövqlü, aktual mövzuda filmlər çəkdirib, təbliğ edərək cəmiyyətə göstərməlidir. Yoxsa kino biznesində uzun müddət xaosun şahidi olacağıq... 

- Bəs nə üçün müasir Azərbaycan filmləri dünya auditoriyasına çıxa bilmir? 

- Kinonu çəkmək kifayət deyil, onun intensiv şəkildə PR-nı da aparmaq lazımdır. Bunun üçün satış menecmenti olmalıdı. Ölkəmizə maraq artmalıdır, bu da filmin izlənməsinin səbəblərindən biridir. Kino sahəsində müasir düşüncə tərzi ilə işləyən, beynəlxalq təcrübədən yararlanan idarəetmə lazımdır. Çəkilən filmlərin sayı artırılmalıdır. Keyfiyyət artan kəmiyyətin nəticəsində özünü göstərəcək. Kino məktəbimiz nə qədər işlək və aktiv olsa, o qədər də tərcrübəsi, səriştəsi artacaq. Onu da qeyd edim ki, yaradıcı azadlığı təmin edilməlidir. Kino dünyasının ən tanınmış əsərlərinə nəzər salsanız, görərsiniz ki, onlar heç də hamar, ziddiyyətsiz mövzulara həsr edilməyib. Kino və incəsənət dilemma, həqiqət axtarışı, fərqli baxış, xəyal dünyası, interpretasiya aləmidir. Bu aləmi milli səviyyədə yaratmalıyıq. Həm də Azərbaycan kinosunun ənənəvi dəsti-xəttini qorumalıyıq. Azərbaycan kino sahəsinin növbəti inciləri məhz belə aləmdən çıxacaq.