Deputat nigarandı: “Gündəlik yoluxanların sayı 500-600 nəfəri keçə bilər” 

“Hər bir vətəndaş virusa ciddi yanaşmalı, özünün və yaxınlarının həyatını risk altına atmamalıdır”


Ölkəmizdə karantin rejiminin tətbiqi davam edir. Televiziyalarda, ictimai nəqliyyatlarda, küçələrdə müxtəlif sosial çarxlar, maarifləndirici məlumatlar yer alır. Lakin əsas məsələ tələb olunan qaydalara əməl etməkdir.

Tibbi maskalardan istifadə, sosial məsafənin saxlanması, lazım olmadığı müddətdə çölə çıxmamağın zəruriliyi bütün vətəndaşlarımızın nəzərinə çatdırılır. Təəssüf ki, tələb olunan qaydalara əməl edənlər kimi, pandemiyanı ciddiyə almayanlar, qaydaları pozanlar da var.



Millət vəkili Nəsib Məhməliyev “Sherg.az”a açıqlamasında bildirib ki, pandemiya başlayan andan Azərbaycanda ölkə başçısının qəbul etdiyi qəti, qabaqlayıcı tədbirlər nəticəsində olduqca müsbət nəticələr əldə olundu. Deputat qeyd edib ki, ölkəmiz koronavirusla bağlı görülən işlərə görə, digər ölkələrə bir nümunə olaraq göstərildi:

“Hətta bir çox imkansız dövlətlərə və Ümumdünya Səhiyyə Təşkilatına yardımlar edildi. Dünyanın bir çox ölkələri ilə müqayisədə həm yoluxanların. həm vəfat edənlərin, ümumi əhalinin adambaşına düşən sayına görə müsbət göstəricilərə nail olundu.

Ancaq karantin rejimi yumşaldıldıqdan sonra təəssüf ki, insanlar kütləvi şəkildə qoruyucu maskalardan istifadə etmədən. aralarında sosial məsafə gözləmədən, heç nə olmamış kimi davrandılar. Hər tərəfli maarifləndirici təbliğatın aparılmasına baxmayaraq, hər şeyi unutdular.

Nəticədə koronovirusa yoluxanların sayı kəskin artdı. Şənbə və bazar günləri insanların küçəyə çıxması qadağan olundu. Ancaq bu gün şəhərin parklarında, ticarət mərkəzlərində əvvəlki kimi vəziyyətlə rastlaşırıq.

Bugünkü vəziyyəti görəndən sonra, çox nigaranam ki, gündəlik yeni yoluxanların sayı 500-600-ü keçə bilər. Hər bir vətəndaşımız buna ciddi yanaşmalı, özünün və yaxınlarının həyatını risk altına atmamalıdır”.