Qənirə Paşayeva  türkiyəli müəllim və tələbələrə "online" konfrans verib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Tokat Gaziosmanpaşa Üniversitetinin müəllim və tələbələri üçün Azərbaycan və Türk dünyası adlı "online" konfrans verib və sualları cavablandırıb.

"Sherg.az" xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva qardaş Türkiyənin Tokat Gaziosmanpaşa Üniversitetinin Türk Dünyası Çalışmaları Uygulama və Araştırma Mərkəzinin qurumu üzvləri üçün “Azərbaycan və Türk Dünyası” adlı "online" konfrans verib və sualları cavablandırıb.

""Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva Tokat Gaziosmanpaşa Üniversitetinin Türk Dünyası Çalışmaları Uygulama və Araştırma Mərkəzinin virtual konfransları çərçivəsində “Azərbaycan və Türk Dünyası” adlı online konfrans verib və sualları cavablandırıb. Mərkəzin müdürü Ömer Faruk Sönmezin moderatorluğu ilə keçirilən, Türk Dünyası Çalışmaları Uygulama və Araştırma Mərkəzinin İnstagram hesabı üzərindən canlı yayınlanan konfrasda, iki qardaş ölkənin ortaq dəyərlərinə diqqət çəkilib.

Qənirə Paşayeva çıxışında bütün müsəlman Şərqində ilk demokratik cümhuriyyətin Azərbaycanda qurulması, Azərbaycanın əldə etdiyi uğurlar, Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək perspektivləri ilə bağlı geniş məruzə edib və gənclərə çağırışlar səsləndirib. 

Millət vəkili Qənirə Paşayeva bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq və bunun üçün də ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimiz daha yaxşı bilməlidir deyib.

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruha, düşüncəyə sahib olacaqlar deyib.

Dağlıq Qarabağ problemindən də danışan Q. Paşayeva çıxışında harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır deyərək bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemi olduğunu bildirib və Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq deyib.

Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə qardaşlığı, münasibətlərin daha da güclənməsi istiqamətində aparılan dövlət siyasəti haqqında da məlumatlar verib.

Millət vəkili eyni zamanda iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin getdikcə daha da genişlənməsinin vacibliyi barədə danışıb və gənclərimizi ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə çağırıb:

“Gənclərə tövsiyyəm odur ki, ölkə xaricinə səfər imkanınız olunca, ilk öncə qardaş ölkələri görməyə çalışın. Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər qardaş ölkələrə səfərlər edin, onların tarixini, mədəniyyətini dərindən öyrənməyə çalışın. Çünki münasibətlərimizin daha da möhkəmlənməsi ümumən türk dünyası üçün çox vacibdir və bu məsələdə Türk gəncliyinin üzərinə böyük işlər düşür.”