Sensasion proqnoz: “Ermənistanın “Qarabağa üçüncü yol” təxribatı yeni savaşı tətikləyir”

“Qafan-Xocavənd yolu Azərbaycanın cənub tərəfdən hücumlarının qarşısını almaq üçün çəkilir”

“Azərbaycan hərbi təzyiqlərə əl atmalıdır ki, Ermənistan Qarabağda infrasturuktur layihələr və yol çəkilişinə gedə bilməsin” 



Ermənistan cəbhə bölgəsində atəşkəsdən istifadə edərək Qarabağa üçüncü yol çəkməyi planlayır. Qafan şəhəri ilə işğal olunmuş Xocavənd rayonunu birləşdirəcək bu yol hərbi təyinatlı olmaqla yanaşı, Araz boyu ərazilərin məskunlaşmasına hesablanıb.

Siyasi şərhçilərin fikrincə, işğalçı ölkə bu yolu çəkmək niyyətini ortaya qoymaqla danışıqlarda maraqlı olmadığını, heç bir həll variantını qəbul etmədiyini göstərir. Elə Ermənistan rəhbərliyi də danışıqlar masasındakı heç bir həll varinatını qəbul etmədiyini vurğulayaraq, öz şərtlərini irəli sürür. 

Düşmənin növbəti təxribatını “Sherg.az”a dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistana bu imkan tanınmamalıdır. Analitikin sözlərinə görə, Qafan-Xocavənd yolu Azərbaycanın cənub tərəfdən hücumlarının qarşısını almaq üçün çəkilir:



“Ermənistan bu istiqamətdə müdafiə xəttini möhkəmləndirir. Düşmən ölkə üçüncü yolu çəkməklə, birbaşa bu ərazilərin Ermənistana birləşdirilməsini elan edə bilər. Faktiki işğal etdiyi ərazilərdə yeni infrasturuktur qurmaqla həm də humanitar missiya adı ilə Azərbaycanın hücum taktikalarını önləməyə çalışır. Aparılan danışıqlar nəticə vermir, proses donub. Ötən həftə Prezidenti İlham Əliyevin Tərtərdə verdiyi mesajlar Ermənistanda və qondarma rejimdə müharibəyə hazırlıq kimi xarakterizə edilib və narahatlıq doğurub. Bundan əlavə, Azərbaycanın mütəmadi hərbi təlimləri, yeni silahlar əldə etməsi Ermənistanda ciddi şəkildə təhdid kimi qəbul olunur. Proseslər yeni savaşı tətikləyir. Ermənistanın hazırkı siyasəti buna doğru aparır. İşğalçı ölkə bundan nəticə çıxarmalıdır”. 

Siyasi şərhçinin fikrincə, rəsmi Bakı Minsk Qrupu qarşısında tələblər qoymalıdır:

“Danışıqlar getdiyi bir fonda Ermənistan işğal olunmuş ərazilərdə heç bir infrasturuktur layihələr həyata keçirməməlidir. Ermənistan konkret “Yenilənmiş Madrid prinsiplərini” qəbul etməlidir. Mərhələli həll planına uyğun addımlar atmalıdır. Ən əsası isə zəbt etdiyi ərazilərdə məskunlaşma siyasətinə son verməlidir. Əgər, bunlar yerinə yetirilməsə, Azərbaycan danışıqlar prosesindən çəkiləcək və hərbi təzyiqlərə başlayacaq. Çünki, danışıqlar prosesində Ermənistan heç bir addım atmır, danışıqlar görüntü xarakter daşıyır və yalnız atəşkəsin qorunmasına hesablanır. Azərbaycan hərbi təzyiqlərə əl atmalıdır ki, Ermənistan Qarabağda infrasturuktur layihələr və yol çəkilişinə gedə bilməsin”.