“İnsanlarımız sosial məsafə qaydalarına riayət etməlidirlər”

“Azərbaycan vətəndaşı sosial məsuliyyətini dərk etməlidir. Qoyulan qaydalar da vətəndaşların sağlamlığını qorumağa hesablanıb”


Ölkəmizdə sosial məsafənin gözlənilməsi və maskalardan istifadə ilə bağlı problem hələ də yaşanmaqdadır. Vətəndaşlar küçə, metro, avtobus, “mall”larda və insanların gur toplaşdığı digər yerlərdə məsafə saxlamağı problem görür, maska taxmaqdan yayınırlar.
Halbuki bu vəziyyət koronavirus infeksiyasının yayılmasına və kütləvi yoluxmaların artmasına səbəb olur. 

Mövcud vəziyyəti dəyərləndirən millət vəkili Cavid Osmanov “Sherg.az”a açıqlamasında bildirib ki, qoyulan qaydalar vətəndaşların sağlamlığını qorumağa hesablanıb:

“Azərbaycan vətəndaşlarının üzərinə çox böyük vəzifələr düşüb. İlkin pandemiya dövrü Azərbaycanda yaşananda hakimiyyət bütün lazım olan tədbirləri həyata keçirib. Bununla bağlı beynəlxalq təşkilatlardan, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ölkə başçısına minnətdarlıq məktubları daxil olub.

Karantin qaydaları yumşalmağa başlayandan sonra insanlarda belə bir təəssürat yaranmağa başladı ki, artıq koronavirus keçmişdə qaldı. Bəziləri düşünürlər ki, ümumiyyətlə belə bir xəstəlik yoxdur.

Bu, təəssüfləndirici haldır. Hazırda inkişaf etmiş ölkələrin də durumu iflic vəziyyətdədir. Buna görə Azərbaycan vətəndaşı sosial məsuliyyətini dərk etməlidir. Qoyulan qaydalar da vətəndaşların sağlamlığını qorumağa hesablanıb”.

Deputat qeyd edib ki, şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həyata keçirilən tədbirlər və qoyulan qadağalar insanların tamamilə evdə oturaraq izolyasiya vəziyyətində qalması üçün idi: 

 “Artıq yoluxma halları neçə gündür ki, 300-dən yuxarıdır və sağalanların sayı buna nisbətdə çox azdır. Bu, çox mənfi tendensiyadır və vəziyyət belə davam edərsə, ölkəmizin səhiyyəsi iflic vəziyyətə düşə bilər. Nümunə kimi bunu Avropanın inkişaf etmiş ölkələrinin simasında gördük və insanlar xəstəxanalarda yer olmadığı üçün bəzi müayinə və tibbi yardımları küçələrdə alırdılar.

Azərbaycanın bu vəziyyətə düşməməsi üçün və daha az itki ilə çıxması üçün vətəndaşlarımızın hər biri sosial məsuliyyətini dərk etməli, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulan qaydalara birmənalı riayət etməlidirlər.

Təəssüflər olsun ki, şənbə və bazar günü bəzi ərazilərdə bu qaydaları pozmaq istəyən insanlar oldu. Mən başa düşmürəm ki, belə insanlar nə fikirləşib bu qaydaları pozurlar. Dövlətin qoyduğu qaydalar və qadağalar vətəndaşların və onların yaxınlarının koronavirusa yoluxmasının qarşısını almağa hesablanıb.

Söhbət vətəndaşların həyati təhlükəsindən gedir. Bütün bu tədbirlər vətəndaşların sağlam və salamat qalması üçün görülür. Vətəndaşlar maska taxmaqla həm özlərini, həm ailə üzvlərini, həm də qohumlarını qorumuş olurlar.

Bir insan özü özünü qorumur, axı o, tək özünə görə deyil, həm də ailə üzvlərinin salamat qalması üçün məsuliyyət daşıyır. Vətəndaşlar birmənalı olaraq sosial məsafə qaydalarına, tibbi ləvazimatlardan istifadəyə mütləq riayət etməlidirlər”.