"Avropada başağrısına, təzyiqə evə təcili tibbi yardım briqadası getmir, amma bizdə..." - Həkim

"Hər xırda narahatlığa görə təcili yardıma çağırış edilməsində məntiq yoxdur"

 "Biz vətəndaşlardan xahiş edirik ki, gələcəkdə həftəsonu bu tipli karantin sərtləşdirilmələri olarsa, 103 xidmətinə xırda çağırışların çox olmaması üçün dərmanların alınması və s. kimi məsələləri əvvəlcədən həll etsinlər".

Bu açıqlama TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıya məxsusdur. “TƏBİB” sədri bildirib ki, həftə sonunda 103 xidmətinə çağırışların sayı artdığı üçün ünvanlara çatmada çox az ləngimələr olduğunu etiraf edir. 

Gecikmələrin səbəbini açıqlayan TƏBİB sədri qeyd edib ki, təcili yardım xidmətinin işçiləri gündəlik olaraq ünvanlara gedir, COVİD-19-la bağlı müayinələr aparır və nümunələr götürürlər:

"Müayinələrin cavabı bəlli olduqdan sonra isə pozitiv çıxan xəstələr xüsusi rejimli xəstəxanalara təxliyə edilirlər. Təcili yardım xidmətinin digər briqadaları isə digər xəstəliklər üzrə çağırışlara gedirlər. Lakin küçəyə çıxma qadağası ilə əlaqədar vətəndaşlar ən kiçik şikayətlər üçün də təcili yardıma müraciət ediblər, bununla əlaqədar olaraq da gündəlik çağırış sayı 800-dək artıb".
Sərt karantin qaydalarının tətbiq edildiyi şənbə və bazar günlərində Azərbaycan vətəndaşlarının çox ciddi həmrəylik nümayiş etdirdiyini deyən R.Bayramlı əlavə edib ki, əksər insanlar karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl edib.
O, buna görə Azərbaycan vətəndaşlarına təşəkkür də edib.
Məlumdur ki, həftə sonu 2 günlük küçəyə çıxmaq qadağası zamanı vətəndaşların gözlənilməz situasiyalarla qarşılanması da təbii qəbul edilməlidir. Doğrudur, hansısa xəstəliyi olanlar əvvəlcədən dərman tədarükü etməlidir. Amma səhhəti qəfil pisləşənlərin olacağı da istisna edilməməlidir. Məhz belə hallar üçün növbətçi apteklərin fəaliyyət göstərməsi təklif edilir. 

Təcili Tibb Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında həftə sonları karantin günlərində zəruri ehtiyac duyulmadığı halda 103 xidmətinə çağırış edənlərin olduğunu dedi: 



- Bəzən vətəndaşlarımız təcili tibbi yardım strukturunun işini qəliz başa düşür. İnsanlar belə düşünür ki, başı ağrıyırsa, 103 xidmətinə zəng edib, təcili yardım çağırmalıdır. Hazırda pandemiya dövrüdür. Təcili Tibbi Yardım həddindən artıq gərgin şəraitdə işləyir. Vətəndaşlarımız bunu anlamalı və “TƏBİB” İH sədrinin haqlı iradını qəbul etməlidirlər.

 Ötən həftə sonu 2 gündə təcili yardıma çağırışların sayı həqiqətən də çoxaldı. Bir gənc xanım 103 xidmətinə zəng edib, növbətçi soruşur, nə problem var, cavab verir ki, başım ağrıyır. Ona ağrıkəsici qəbul etməsi məsləhət görülür.  Deyir, yox, təzyiqim var. Təvəllüdü soruşulur, məlum olur ki, 25 yaşı var. 25 yaşlı gənc xanımda təzyiq olur?!. Avropada başağrısı, təzyiq dianozu ilə çağırışa gedən yoxdu. Baş ağırısıdı, təzyiqdi, səbəbi naməlum hansısa bir narahatlıq varsa, xəstəxananın Təcili Yardım şöbəsinə gəlmələri tövsiyə olunur. Baş ağrısına, təzyiqə evə təcili tibbi yardım briqadası getmir. Amma bizdə “başım ağrıyır, burnum axır, nevrozam...” deyib 103 xidmətinə zəng edirlər.

 Əlbəttə, bu, düzgün deyil. Pandemiya dövründə heç düzgün deyil. Təsəvvür edin ki, koronavirus testinin cavabı pozitiv çıxmış 17 xəstə sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində evdə qalıb. Ona görə də hər xırda narahatlığa görə təcili yardıma çağırış edilməsində məntiq yoxdur. Bunu da etiraf edirəm ki, bəli, karantin günərində gözlənilməz hallar baş verə bilər. Xüsusilə nevroz xəstələrinin olması gözləniləndi. Çünki karantin rejimi bəzi insanların əsəb sisteminə təsir edəcək.  Bunun üçün də 103 xidməti daim fəaliyyətdədir. Paytaxt üzrə 23 TTYS var, hər 12 saatdan bir 10-12 briqada növbəyə çıxır. Xüsusi reanimasiya briqadası da var.  Xroniki xəstəliyi olanlar, xəstəliyinin səviyyəsini bilənlər, gündəlik dərman qəbul etməli olanlar dərman preparatlarını əvvəlcədən tədarük etməlidir. Mən bu gün 17-18 pasiyent qəbul etmişəm. Sevinmişəm ki, pasiyentlərim  xəstəliklərinə biganə deyillər və hazırlıqlı olmağa çalışırlar.