“Xalqın polisinə verdiyi qiymət onu daha da qürurlandırır”

“Bu qürur isə asayiş keşikçilərini daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır”


Azərbaycan polisi qısa zaman ərzində mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə istiqamətində mühüm nailiyyətlər qazanıb. Polislərimiz dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin, vətəndaş qarşıdurmasının, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərib. 


Bu cür uğurlar cinayətkarlıqla mübarizədə canını, sağlamlığını belə, əsirgəməyən Azərbaycan polisinin fədakarlığına, öz dövlətinə, xalqına, Prezidentinə sədaqətinə söykənir. Polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsi şəraitində cəmiyyətin polisə ictimai rəğbətini daha da artırır. 

Dünya KİV-lərində “Qəhrəman polis” altyazısının bizim polislərə də aid olduğunu deyən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a bildirib ki, Azərbaycan polisi dövlətini, dövlətçiliyini qoruyur. Yeri gələndə bu müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə yüksəlməyi özünün ali məqsədi sayır.
V.Rəhimzadə qeyd edib ki, polislərimiz ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhrəmanlar qədər qüdrətlidir:



“Gəlin, bir anlığa xatırlayaq ki, 2015-ci ildə paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verən zaman 4 nəfəri xilas edən polisin qucağında körpə uşaq olan fotosu dünya KİV-lərində “Qəhrəman polis” altyazısı ilə dərc olundu. Azərbaycan polisinin qəhrəmanlığına başqa bir nümunə qanlı 20 Yanvar faciəsində ilk şəhidin polis əməkdaşı Telman Bağırov olması faktıdır.
Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanlarındandır.

Hər zaman olduğu kimi, koronavirus pandemiyası dövründə də polisin şücaətini, qətiyyətini, eyni zamanda, humanistliyini, canıyananlığını, sələflərinin ənənələrinə sədaqətliliyini gördük. Hər kəs bir daha anladı ki, Azərbaycan polisi bu çətin günlərdə hər an insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyindədir. COVID-19 kimi ümumbəşəri bəlanın tüğyan etdiyi bu günlərdə Azərbaycan polisi həyatını təhlükəyə ataraq yaşlı insanların qapısının zəngini çalır, onlara ərzaq yardımı çatdırır, digər həyati problemlərinin həllinə yardımçı olur”.

Baş redaktor bildirib ki, hazırda bəşəriyyətin yeni bəlası olan koronavirus dünya dövlətlərinə hərtərəfli zərər vurur. Bu qədər təhlükəli bir zamanda həyatını təhlükəyə atan Azərbaycan polisi dövlətçiliyin keşiyində ayıq-sayıq durmaqla yanaşı, vətəndaşlara xidmət göstərməkdə də davam edir:

“Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır.

Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini verir. Elə bu səbəblərə görədir ki, polislərimiz pandemiya dövrünün şəksiz qəhrəmanlarından hesab edilir.

Polis şərəfi ləkə götürməz, yaxud “beşinci kolon”un təxribatları fiaskoya məhkumdur. Çünki vətəndaş əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar, onu qoruyar. Bütün bunlara görə də qəhrəman polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik.

Xalqın polisinə verdiyi dəyər, qiymət onu daha da qürurlandırır. Bu qürur isə asayiş keşikçilərini daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır”.