“Maskadan istifadə edilməli, ara məsafəsi gözlənilməlidir”

“Karantin rejiminin tələblərinə əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların  təhlükəsizliyi üçün vacibdir”



Koronavirus infeksiyasına yoluxma halları ölkədə pik həddə çatıb. Hər gün rekord sayda artım müşahidə edilir.  Son 10 gündə yoluxma sayı 300-dən çox olur,  sağalanların sayı isə bundan  2 dəfə azdır.  Gündəlik artım sayını həddindən artıq  mənfi tendensiya kimi dəyərləndirən  ekspertlər hesab edir ki,  vəziyyət belə davam edərsə, xəstəxanalarda yer tapılmayacaq. 

Qeyd edək ki, yoluxma sayının artmasının başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır.  



Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra Azərbaycanda  koronavirusun geniş vüsət aldığını vurğulayan  Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, bu da insanların arxayınlaşması ilə birbaşa bağlıdır.  Partiya sədrinin sözlərinə görə, karantin qaydaları yumşalandan sonra insanlarda belə bir təəssürat yarandı ki,  artıq  təhlükə geridə qaldı, pandemiya başa çatdı: 

"Halbuki   xəstəliyin təhlükəsi, məhz onun tədriciliyi və gizliliyidir. İnkubasion, yəni əlamətsiz dövrü iki həftə və daha artıq müddətdir. İki həftə ərzində daşıyıcı özü də bilmədən ətrafını yoluxdurur. Bu səbəbdəndir ki, dünyanın güclü dövlətləri belə pandemiyanın əsirinə çevriliblər".

Pandemiyaya qarşı mübarizədə Azərbaycanda zəruri tədbirlərin atıldığını deyən Partiya sədri  bir sıra sosial yönümlü tədbirlərin düzgün seçilmədiyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi, izolyasiya rejiminin boşluqları, xəstəliklə mübarizə tədbirlərində təcrübə mübadiləsi, karantin rejimində saxlanılanların şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin daha da  təkmilləşdirilməsinə ehtiyac var. 

Eyni zamanda vətəndaşlarımız da maskadan istifadə etməli, ara məsafəsini gözləməlidirlər. Karantin rejiminin tələblərinə əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların  təhlükəsizliyi üçün vacibdir.