Professor gileylənir:“Cəmiyyətimizdə psixoz vəziyyət yaranıb”

“Kim narazıdırsa, valideynlərindən küsübsə, tanınmış ictimai xadimləri, ziyalıları söyüb əsəbini soyudur”

“Respublikamızda o qədər görkəmli alimlər, ziyalılar var ki. Ziyalıları bir növ vurub meydandan çıxarıblar”



Son zamanlar sosial şəbəkələrdə təəssüf doğuran bir tendensiya özünü göstərir.  İctimaiyyətdə tanınan və ciddi nüfuz və reputasiyaya malik ziyalılar istifadəçilər tərəfindən sərt tənqidlərə məruz qalır, hətta bəzi hallarda “linç” edilirlər.
Vəziyyət o həddə çatıb ki, hansısa tanınmış simalar müəyyən bir məsələyə fikir bildirməkdən belə çəkinirlər. Vətəndaşların əksəriyyəti təhqir və söyüş yağdıraraq aqressiyalarını nümayiş etdirirlər. Lakin problemin nədən və hansı səbəblərdən qaynaqlandığı bilinmir.

Mövzuya dair fikirlərini “Sherg.az”la bölüşən türkoloq-alim, professor Firudin Cəlilov bildirib ki, sosial şəbəkələrdə ziyalılarımıza qarşı olan belə münasibət öz-özünə yaranmır, bunu yaradanlar var. Professorun fikrincə, hər ziyalını da təhqir etmirlər, kimi qaralamaq lazım olduğunu bilirlər:

“Bu günlərdə millət vəkili Fazil Qəzənfəroğlunun bir məqaləsini oxudum, çox xoşuma gəldi. Hər zaman demişəm ki, bir var siyasətçi, bir də var qaragüruhçu. Məhz Fazil Mustafa həmin məqalədə ürəyimdən keçənləri yazıb. Son 30 ildə bu qaragüruhçular nə ilə məşğul olub? Qarabağın getməsində onların rolu nə idi? İndi həmin qarahüruhçular ancaq kimlərisə söyməklə, sosial şəbəkələrdə təhqir etməklə məşğuldurlar. Amma belə hallara əsas verənlər də var. Pənah Hüseyn kimilər var ki, aranı qarışdırır. Məsələn, mən iyun ayından danışıram və deyirəm ki, “iyun ayında filan hadisələr oldu”. Aranı qarışdıranlar isə, “iyun”u “iyul”la əvəz edirlər. Pənah Hüseyn kimilər aranı qarışdırıb, hər kəsi bir-birinə söydürürlər”.

F.Cəlilov qeyd edib ki, sosial şəbəkələrdə tək zaiyalılara qarşı yox, siyasətlə məşğul olan şəxslərə qarşı da xoşagəlməz münasibət var:

“Həqiqətən də cəmiyyətimizdə psixoz vəziyyət yaranıb. Kim narazıdırsa, valideynlərindən küsübsə, tanınmış ictimai xadimləri, ziyalıları söyüb əsəbini soyudur. Xüsusilə sosial şəbəkələrdə bu özünü qabarıq göstərir. Belə neqativ halların yaşanmasında medianın, xüsusilə dövlət televiziyalarının günahı var. Çünki televiziyalarda şou adamlarını təbliğ etməkdənsə, tanınmış ağsaqqalları çağırıb söhbət aparılmalıdır. Respublikamızda o qədər görkəmli alimlər, ziyalılar var ki. Ziyalıları bir növ vurub meydandan çıxarıblar. Bu indi yox, 30 il öncə başlayan bir prosesdir. Ziyalıları itələyib meydandan çıxarırlar ki, meydan qaragüruhun əlində olsun. Axı onları idarə etmək asandır. İstənilən provakasiyalarda onlar ümumi idarə olunur. Bəlaların kökünün hardan gəldiyini bilirik. Bu problemlərdə yenə də medianı günahkar sayıram ki, tanınmış ziyalılara imkan verib onları danışdırmırlar”.