“Ana dilinin statusu yüksəlməlidir və...”

“...Bu, təhsildə də özünü göstərməlidir. Ancaq istənilən halda dövlət büdcəsini düşünmək lazımdır”

“Əgər hökumətin buna gücü çatacaqsa, ana dilli təhsili pulsuz etməyin nəyi pisdir ki?” 



İqtisadçı-ekspert Natiq Cəfərli ali təhsil müəssisələrində ana dilli təhsilin pulsuz olması barədə təkliflə çıxış edib. O, bu haqda deyib: “Artıq bunun zamanı yetişib. Avropa ölkələri çoxdan bu tendensiyaya başlayıblar.

Almaniya hələ 7-8 il əvvəl hesablamar aparmışdı və məlum olmuşdu ki, tələbələrə bu cür güzəştlər edilməsi əslində hökumətə fayda verir. Çünki nəticədə Ümumdaxili məhsul (ÜDM), iqtisadi artım tempi daha da artır, cəmiyyətə yarralı kadrların sayı çoxalır.

Əlbəttə, sözügedən trendə birdən-birə qoşulmaq mümkün deyil. Fəqət mərhələli şəkildə həyata keçirə bilərik. İlk növbədə dövlət ali təhsil müəssisələrində ana dilində təhsil pulsuz olmalıdır. Xarici dillərdə oxumaq istəyənlər üçün isə ödəniş nəzərdə tutula bilər”.  

Təklifi “Sherg.az” a qiymətləndirən  təhsil eksperti Rafiq İsmayılov bu məsələnin reallaşması üçün dövlət büdcəsini nəzərə almağın labüdlüyünü vurğulayıb: 

“Əlbəttə, bu, çox yaxşı təşəbbüsdür. Xüsusilə  ana dilinə qayğının təzahürüdür. Mənim dəqiq bildiyim odur ki, ana dilinin statusu yüksəlməlidir və bu, təhsildə də özünü göstərməlidir. Ancaq istənilən halda dövlət büdcəsini düşünmək lazımdır. Əgər hökumətin buna gücü çatacaqsa, ana dilli təhsili pulsuz etməyin nəyi pisdir ki?”.