“Kaş insanların da heyvanlar kimi vəfa, şükür etmə qabiliyyəti olaydı” - SÖHBƏT 

“İnanırsız, nə qədər insanları tanıyıramsa, o qədər də  onlardan uzaqlaşıram. Heyvanları tanıdıqca isə onlara yaxınlaşıram”  

“Heyvana yaxşılıq edəndə onu ömrünün sonuna qədər unutmur.  İnsana  yaxşılıq etsən də, sevsən də sabah sənə qarşı necə davranacağı  məlum deyil”  

“Müğənniyə  Enşteyn və s. ilə bağlı sual ünvanlayıb, onu xalqın gözündən salmaq düzgün deyil”

“İncəsənətin adı dəyişib olub “Şou-biznes. Bu ifadə, sanki, birini  təhqir edirmiş kimi səslənir. Bu formada təqdim olunur...” 

“Efirlərdə, saytlarda, xəbər portallarında savadı olmayan jurnalistlər işə götürüldü”

“Müğənniliyə qarşı fikir oyatdılar ki, güya  alçaq  sənətdir”

“Müğənni tanıyıram kredit ödəyə bilmədiyi üçün evini satdı”

“Zərurəti uşağıma savad verməkdə gördüm. Heç kimin qabağında sınmadım, qırılmadım. Efirə çıxıb “problemim var” deyib ağlamadım”



Yaşadığımız bu kritik günlərdə real dünyamızdan uzaqlaşıb, xəyallar aləmində gəzib-dolaşmaq üçün kitablara  möhtacıq.  Ehtiyac duyduğumuz həmin kitablar  zaman-zaman tanınmışlarla birlikdə gündəm olur. Bəzi məşhurlar çoxlu kitab oxuyub, mütaliə etsələr  də,  bəziləri bunlardan kənarda qalır. Bu da çox vaxt tənqid və ya qınaq obyektinə çevrilir.  Bəs mütailə seçimi insanın özünə aid deyilmi? Bu səbəbdən incəsənətin tanınan simaları tənqidlərə tuş gəlməlidirmi?

Suallarımıza cavab tapmaq məqsədilə həmişə kitablarla dostluq edən, sevilən müğənni Nura Suri ilə əlaqə saxladıq.  “Sherg.az”la həmsöhbət olan sənətçi irad bildirənlərin böyük  səhv etdiyini söylədi.

- Şahid olduq ki,  çoban təhsil almır,  amma  Allah təala ona səs verib,  müğənnilik edir.  Maarifləndirmək  jurnalistin, müəllimin işidir, müğənnilərin deyil.   Müğənninin peşəsi əyləndirmək,  mahnı ifa etmək, zövq oxşamaqdır. Bunu ayırd edək... İnsanın şəxsiyyəti, intellektual səviyyəsinin hansı formada olması, onun   sənətini və yaxud peşəsini müəyyən etmir. Adam  yaxşı və ya pis ola bilər... Məsələn, müəllimdirsə, savadı olduğu halda dərrakəsi yaxşı deyilsə, uşaqla ünsiyyət qurmağı bacarmırsa  qınanıla bilər. Çünki müəllimə övladımızı  etibar edirik, uşaqlarımızı birinci sinifdən düzgün yönləndirməlidir.  Amma müğənniyə  Enşteyn və s. ilə bağlı sual ünvanlamaq,  xalqın gözündən salmaq düzgün deyil. Müğənni incəsənəti, mədəniyyəti təmsil edən insandır.  Onu xalqın gözündən salmaq, mədəniyyəti  gözdən salmaq deməkdir. İncəsənətin adı dəyişib olub “Şou-biznes”. Bütün bunlar həmin isim altında baş verir.  Belə bir ifadə işlədirlər: “Şou-biznes” nümayəndələri”.  Bu ifadə ilə, sanki, birini  təhqir edirmiş kimi səslənir. Bu formada təqdim olunur... 

-Yəni düşünürsüz ki, bu xitablar  düzgün deyil...

 - Çox pisdir, bunu yaxşı bir yerə gətirib çıxartmayacam. Efirlərdə, saytlarda, xəbər portallarında savadı olmayan jurnalistlər işə götürüldü. Təbii ki, hamıya şamil etmirəm.  Hərəsi bir səhifə açdı və həyatda qazana bilmədiyi uğuru hansısa müğənninin simasında gördü, başladı təhqirlərə, tənqidlərə, ələ salmağa... Müğənniliyə qarşı fikir oyatdılar ki, güya  alçaq  sənətdir. Bu səhvdir,  tənqid edirəm, olmaz belə şey. Türkiyədə qonaq olanda , öyrənirlər ki, sənət adamısan , sənin üçün əldən ayaq gedirlər. Xarici ölkələrdə  bu cür  hörmət edirlər. Əfsuslar olsun ki, bizdə  belə  dözülməz vəziyyətə gətirib çıxardıblar.



-Keçək mütaliə məsələsinə...

- Bilirsiniz ki,  hərbiçi və müəllim ailəsində böyümüşəm.  Kitab oxumağım və s. onlarla bağlıdır. Bu cür  yönləndiriblər, tərbiyə ediblər, öyrədiblər ki, təhsil vacibdir.  Türklər demiş “nə mutlu mənə” belə ailədə böyümüşəm. Amma elə ailələr  var ki, uşaqlarını atıblar, onların təhsili ilə maraqlanmayıblar.   Məktəbə pul verib qiymət yazdıran,  pulla universitetə  düzəldən valideynlər olub.  Savadsız olmaqları onların günahı deyil, kökü başqa şeyə bağlanır.  İnsanı qınamaq olmaz ki, niyə kitab oxumamısan? Mütaliə etməmisən? Bəlkə vaxtı olmayıb... Adam ancaq problemləri ilə məşğul olub. Dörd- beş yerdə çalışıb ki,  ozünü dolandırsın. Heç bir halda insanları buna görə qınamaq olmaz.  Çünki problem olduqca  dərin və qlobaldır. Yenə də qeyd edirəm ,kitab oxumağım və mütaliə etməyim bilavasitə ailəmlə bağlıdır. Kimsə belə bir ailədə doğulmayıbsa, onu qınamaq doğrudurmu? 

-Bu çətin günlərdən sonra, istirahət planınız varmı?

-İstirahət haqqında heç nə deyə bilmərəm. Çünki dincəlməyə getməyimiz büdcəmə  bağlıdır. İki övladım  Amerikada yaşayır, planlaşdırmışdıq ki, mart ayında onların yanına gedəcəyik. Fevral ayının sonlarında  kiçik oğluma və özümə  viza almışdım. Fikirləşirdim ki,  mart ayında işlərim olacaq, pul qazanacam və övladlarımı görməyə gedəcəm. Görürsüz nələr baş verdi? Nə pul qazandıq, nə də ora getdik. Heç nə edə bilmədik.  Bilinmir nə vaxt bu vəziyyətdən çıxıb, işlərimizə davam edəcəyik.  İndi  dolanmağa imkanım var, ailəm yardım edir.  Amma istirahətə gedib, xərcləmək üçün pulu özüm qazanmalıyam. Gəlir əldə edə bilmirəm və nə vaxt qazanacağım  da məlum deyil. Hazırda  nə istirahətimiz, nə də başqa şeylər  haqqında düşünə bilərik. Pulum olsa belə, xarici ölkəyə  getmərəm, çünki nə olacağını bilmirəm.  Mənim ölkəm deyil, Allah uzaq eləsin orda xəstələnərik, bizə baxan olmaz.  Bilmirəm axı nə ola bilər.... Artıq bu gündən sabaha plan qurmuram.  



-Karantin dövründə sahəsindən asılı olmayaraq  hər kəs  maddi cəhətdən problemlər yaşadı... 

-Müğənni tanıyıram kredit ödəyə bilmədiyi üçün evini satdı. Adını çəkmək istəmirəm amma çox hörmət etdiyim  insandır. Heç kimə bu haqda demədi, heç nə eləmədi. Çünki hazırda  belə şeylərə sevinən insanlar var. Bu karantin   dövründə insanları tanımağa başladım.  İnanırsız, nə qədər insanları tanıyıramsa, o qədər də  onlardan uzaqlaşıram. Heyvanları tanıdıqca isə onlara yaxınlaşıram.  Kaş, insanların heyvanlar kimi sadiqlik, vəfa, şükür etmə qabiliyyəti olsun.  Heyvana yaxşılıq edəndə onu ömrünün sonuna qədər unutmur.  İnsana  yaxşılıq etsən də, sevsən də sabah sənə qarşı necə davranacağı  məlum deyil.  İndi belə bir vəziyyətdə bəzi insanların kiminsə işinin olmamasına sevinməsi acınacaqlıdır.  

-Bəs bəhs etdiyiniz xarakterdə olan insanlara nə məsləhət görürsünüz?

- Tövsiyəm odur ki, daxillərindəki  nifrət hissini azatlasınlar. İnsan öz millətinə , insanlara  sevgi ilə yanaşmalıdır ki, bəşəriyyət də onunla eyni tərzdə rəftar etsin.  Bütün dünyada  bu xəstəlik baş alıb gedir, insanlar həlak olur, evlərindən çıxa bilmirlər. Heç kim mələk deyil, hamımızın səhvləri var. Mənim də, sizin də, bizi təhqir edənlərin də, etməyənlərin  də, kənardan  izləyənlərin də... Hər birimiz səhvə yol verə bilərik. Amma  bir-birimizə hörmət etməyə məcburuq. Əzəldən bir-birimizi sevsəydik, indiki  hadisələr başımıza gəlməyəcəkdi. İnsan oğlunun  içindəki nifrət bütün bunlara səbəb oldu.  Hamı eqoistcəsinə  özünü fikirləşir. Belə olmadığım üçün, dilə gətirə  bilirəm. Ailələr var ki, 17 yaşımdan bu günə qədər yardım edirəm.  Çünki mənə ümidlidir, ümidi mənədir. Ona əl uzatmasam çox böyük problem yaşayacaq. Buna görə də imkanım olanda da, olmayanda da kömək edirəm.  İnsana ümid verib,  sonra onu qırmaq olmaz.  Çalışıram ki, həyatımı belə yaşayım...   

-Maraqlıdır, bir ana kimi ömür yolunuz necə davam edib?

- Hazırda üç otaqlı evdə yaşayıram. Evlərimi satdım. Onu həyat yoldaşım almışdı.  Həmin pulla uşaqlarımı xaricdə oxutdum,  övladlarıma gözəl təhsil verdim. Konsert təşkil etmədim, kliplər çəkdirmədim, çox məqamlarda özümü  sıxdım. Halbuki, evimin birini satıb, bütün bunları özümə də xərcləyər, indi qazandığımdan artıq gəlir əldə edə bilərdim.  Amma zərurəti uşağıma savad verməkdə gördüm. Heç kimin qabağında sınmadım, qırılmadım. Efirə çıxıb “problemim var” deyib ağlamadım.  Prezidentə müraciətimdə belə insanları düşündüm... 

-Amma buna başqa don geyindirməyə çalışanlar da oldu... 

-Bəli. Onlar neynədi, yazdılar  ki, Nura 190 manat pul istəyir. Nura vergi ödəyicisidir. Əgər dövlətdən yardım almaq  lazım olsa idi, vergi ödəyicisi kimi müraciət edərdim. Hansı ki, vergi ödəyən hər kəsə vəsait ayrıldı.    Düşündüm ki, dövlətimə bu məbləği  götürməyərək yardım edə bilərəm, onu da  hansısa bir ailəyə verərlər...