“İndiki şəraitdə dövlət və xalq bir-birinə yardım etməlidir”

“Vətəndaşlar da buna adekvat davranmalı, dövlətə dəstək olmalıdır”

“Əgər karantin qaydalarına əməl etsək, özümüzü, xalqımızı qorumaqla yanaşı, həm də dövlət üçün əlavə çətinlik, yük yaratmarıq”




“Televiziya kanalları, mətbuat müntəzəm olaraq bu barədə informasiyalar təqdim edir, əhalini maarifləndirir. Amma nədənsə bəzi insnalar hələ də məsuliyyətsiz davranmaqda davam edirlər”.
Bu sözləri keçmiş millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə karantin qaydalarına əməl etməklə bağlı “Sherg.az”a danışarkən deyib. 
Onun fikrincə, indiki şəraitdə dövlət və xalq bir-birinə yardım etməlidir: 

“İlk növbədə qeyd edim ki, verilən bütün tövsiyələr dövlət qərarıdır. Və hər bir vətəndaş bu qərarlara əməl etməli, hörmətlə yanaşmalıdır. İkinci bir tərəfdən isə hökumətin üzərinə düşən vəzifəni uğurla yerinə yetirdiyini gördük. Hökumət atdığı hər bir addımda insanların sağlamlığını düşündü. İndi vətəndaşlar da buna adekvat davranmalı, dövlətə dəstək olmalıdır. Əgər karantin qaydalarına əməl etsək, özümüzü, xalqımızı qorumaqla yanaşı, həm də dövlət üçün əlavə çətinlik, yük yaratmarıq. Odur ki, hamımız birlik, həmrəylik göstərməli, polis və həkimlərimizin əməyini qiymətləndirməliyik”. 



Ç.Qənizadə, həmçinin bildirdi ki, istisnasız olaraq hər kəs sosial izolyasiya qaydalarına əməl etməlidir:

“İnzibati xətalar Məcəlləsinin 211-ci maddəsi inzibati xətanın subyekti kimi təkcə vətəndaşları yox, eləcə də fiziki və hüquqi şəxsləri nəzərdə tutur. Bu səbəbdən də mən bir hüquq müdafiəçisi kimi ancaq sosial izolyasiya qaydalarına əməl etməyən vətəndaşların yox, həm də buna şərait yaradan fiziki və hüquqi şəxslərin cəzalanmasını zəruri hesab edirəm. Elə restoranlar, mağazalar var ki, insanların tibbi maskasız içəri girməsinə, sosial məsafəni qorumamasına şərait yaradır, Əlbəttə, olmaz. Belə şəxslər məsuliyyətə cəlb olunmalı və cəzalanmalıdırlar”.