“Modul tipli xəstəxanalar sağlamlığımızın qorunması üçündür”

“Bu həm də Azərbaycanda ölkə rəhbərliyinin sözügedən məsələyə ciddi yanaşmasını göstərir”




“Cənab Prezident İlham Əliyevin göstərişi ilə qısa müddətdə hazırlanmış və açılışı baş tutan növbəti 3 modul tipli xəstəxana kompleksi ilə səhiyyə sistemimizin 2000 çarpayılıq ehtiyat yeri təmin edilib”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib. 

Deputat bildirib ki, “COVID19” pandemiyası dövründə atılan bu addımlar ölkə səhiyyəmizin imkanlarının genişlənməsi və vətəndaş sağlamlığının qorunması üçün görülən işlərdə böyük göstəricidir: 

“Saray qəsəbə xəstəxanasının həyətində quraşdırılan 3 korpusdan ibarət modul tipli xəstəxana ümumilikdə 200 çarpayıdan ibarət olmaqla vətəndaşların müalicə və müayinəsinin təmin edilməsi üçün müasir avadanlıqlarla təchiz edilib. Cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən koronavirusla mübarizə istiqamətində ölkəmizdə görülən işlər, vətəndaşların sağlamlığının yüksək səviyyədə təmin edilməsi yolunda atılan addımlar, modul tipli xəstəxanaların qısa müddətdə xidmətə verilməsi Azərbaycanda ölkə rəhbərliyinin bu məsələyə ciddi yanaşmasını göstərir.

 Parlamentdə təmsil etdiyim 50 saylı Abşeron-Qobustan seçki dairəsinə daxil olan Saray qəsəbəsində açılışı olan 3 korpuslu modul xəstəxana ilə yanaşı digər nöqtələrdə də fəaliyyətə keçmiş modul tipli xəstəxanalar pandemiya dövründə səhiyyə və bu sahədə xidmət sistemimizin təkmilləşdirilməsinin sübutudur. Bu bizim koronavirusla mübarizədə yenə də hazırlıqlı olduğumuzu göstərir”.

Deputat görülən işlərin timsalında vətəndaşlarımızı koronavirusla mübarizə dönəmində tövsiyə və qaydalara əməl etməyə səsləyib: 

“İnsanları özlərini və doğmalarını qorumaq üçün maska, gigiyenik vasitələrdən mütləq halda istifadə etməyə, sosial məsafə prinsipini pozmamağa çağırıram. Koronavirusla mübarizədə biz birlikdə qalib gələcəyik. Çünki biz birlikdə güclüyük!”.