“Polis fədakarlığının üzərindən xətt çəkmək olmaz”

“Onlar karantin günlərində öz həyatlarını, sağlamlıqlarını bizdən ötrü təhlükə altına atdılar”


“Mən polislərimizin bu fədakarlığını həqiqətən də yüksək qiymətləndirirəm və onlarla qürur duyuram”





“Daxildəki və xaricdəki bəzi anti-Azərbaycan qüvvələrin fürsətdən istifadə edib süni şəkildə körükləməyə çalışdığı polis-vətəndaş qarşıdurmasının qarşısı alındı, ədalət bərpa olundu”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 
DADP sədri bildirib ki, bu aralar koronavirus pandemiyasını səssiz müharibə hesab edənlər də var, insanlıq üçün mənəvi-psixoloji sınaq sayanlar da: 




“Şübhəsiz ki, hər iki yanaşmanın sahibləri, müəllifləri haqlıdır. Məni ən çox düşündürən tərəf pandemiyanın həqiqətən də bizim hamımızı sınamasıdır. Elliklə sınağa çəkildiyimiz bu cür həssas və gərgin dönəmdə özünü meydana atan, müsbət nümunə göstərən, virusa qarşı mübarizədə həqiqətən də cəsarət göstərən ilk qüvvə məhz polislər və həkimlər oldu.

Odur ki, ötən gün baş verən xoşagəlməz insidentlərə görə dərhal bütün polis əməkdaşlarının əməyinin, fədakarlığının üzərindən xətt çəkmək olmaz. Onlar karantin günlərində öz həyatlarını, sağlamlıqlarını bizdən ötrü təhlükə altına atdılar. Polislərimiz hər an infeksiyaya yoluxa bilərdilər. Bu olduqca böyük risk idi. Bütün riskləri, təhlükələri gözə aldılar.

Mən polislərimizin bu fədakarlığını həqiqətən də yüksək qiymətləndirirəm və onlarla qürur duyuram. Lakin baş verən son olaya görə də dərin təəssüf hissi keçirir və üzülürəm”. 

Ə.Hüseynov vurğulayıb ki, pandemiya dönəmində insanların həssaslığından istifadə edib, həm vətəndaşlarımızı, həm də polislərimizi təxribata çəkməyə çalışan, müəyyən mənada buna nail olarlar var: 

“Lakin DİN rəhbərliyi tərəfindən məsələyə operativ müdaxilə olundu və məsələ ədalətli həllini tapdı. Biz hüquqi dövlətik. Burada küçə qanunlarına yer yoxdur. Cəmiyyətlə polis arasında sivil münasibətlərin formalaşması və həmrəylik mühitinin hökm sürməsi Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas prinsiplərindən biridir. İnanırıq ki, bu siyasət bundan sonra da davam etdiriləcək.

Bu həssas dönəmdə hər birimiz konsensusa, dialoqa, xoşgörülü davranışa təşəbbüs göstərməli və ixtilaflardan, aqressiyadan çəkinməliyik. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz həqiqətən də birlikdə güclüyük”.