“Polisi təhqir etmək, başına butulka, zibil atmaq olmaz”

“Polis günün istisində, yağışda, qarda küçələrdə ictimai asayişi qoruyur. Polisi necə təhqir etmək olar və ona necə butulka atmaq olar?!”

“Heç birimiz dövlətin əsaslarını sarsıda biləcək addımlar atan insanlara qarşı laqeyd olmamalıyıq”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.
Açılışda iştirak edən Prezident İlham Əliyev mühüm məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir:

“Güclü səhiyyə infrastrukturu mövcud vəziyyətdən də şərəflə çıxmağa imkan vedi. Koronavirusla mübarizə sahəsində işlər yüksək 
səviyyədə təşkil olunub. Azərbaycan xalqı çətin dövrdə birlik və həmrəylik nümayiş etdirir. Azərbaycanda yeni modul tipli 4 xəstəxana açılmış, iyunun sonuna kimi daha 6 xəstəxana açılacaq və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir”.

Millət vəkili Musa Qasımlı “Sherg.az”a açıqlamasında bildirib ki, koronavirus pandemiyası yaranandan bəri ən mütəşəkkil tədbirlər görən ölkələrdən biri cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan oldu 
Deputatın sözlərinə görə, Azərbaycan iki seçim qarşısında dayanmışdı: 

“Ya Azərbaycan vətəndaşının sağlamlığı əsas götürülməli idi, ya da müəssisələr işləməli, vətəndaşların sağlamlığına zərər gəlməli və dövlət büdcəsi ziyan görməli idi. Cənab Prezidentimiz qəti şəkildə bildirdi ki, dövlət büdcəsinə nə qədər ziyan dəysə belə onun siyasətinin təməlində Azərbaycan vətəndaşının sağlamlığı dayanır. Ölkə iqtisadiyyatına müəyyən zərər dəydi amma vətəndaşın sağlamlığı əsas götürüldü. Ötən müddət ərzində Azərbaycanda maska istehsal edən müəssisə işə salındı, spirt istehsalı qaydaya düşdü, eləcə də modul tipli xəstəxanaların quraşdırılması üçün vəsait ayrıldı. Bütün bunlarla bərabər yolların inşasına, su kanallarının tikintisinə, subartezian quyularının qazılmasına, məktəb tikintisinə, təbii qaz çəkişilinə dövlət büdcəsindən vəsaitlər ayrıldı. İlk baxışda, dildə bunları söyləmək çox asandır. Amma dövlət büdcəsinə vəsaitlərin gəlmədiyi bir şəraitdə dövlətimiz bunları etdi. Yəni ilk növbədə vətəndaşın sağlamlığı qorundu və böyük məharətlə iqtisadi, sosial layihələr üçün də vəsait ayrıldı”.

M.Qasımlı bildirib ki, üç modul tipli xəstəxananın açılışı zamanı Prezident İlham Əliyevin çıxışı bir örnək idi:

“Hesab edirəm ki, vətəndaşlarımız ondan ibrət almalıdırlar. Birdəfəlik başa düşmək lazımdır ki, Azərbaycan hökuməti hər bir çoxmərtəbəli binanın giriş qapısına bir nəfər polis işçisi qoya bilməz. Eləcə də hər metro qatarının vaqonuna polis işçisi təyin etmək mümkün deyil. Həmçinin hər bir bazara, dükana polis işçisi təhkim etmək olmaz. Hətta insanlarımızın bəzisi deyir ki, toylarımız qaldı. Bu vəziyyətdən çıxmaq üçün vətəndaş hökumətin tələblərinə cavab verməlidir və tövsiyyələrə riayət etməlidir. Amma nə dərəcədə bu tövsiyyələrə riayət olunur? Hökumət özündən asılı olan hər şeyi edir. Amma çox şey vətəndaşdan asılıdır. Vətəndaş Operativ Qərargahın tövsiyyələrinə ciddi şəkildə riayət etməlidir. Vəziyyətin belə davam etməsi həm ölkə iqtisadiyyatına ziyan gətirir, həm də vətəndaşın dolanışığına çətinlik yaradır. Biz mütəşəkkil olmalıyıq”.

Deputat bildirib ki, polis dövlətin orqanıdır. Polisi təhqir etmək, başına butulka, zibil atmaq olmaz:

“Polis dövlətin nümayəndəsidir. Axı necə olur ki, insanın evi oğurlananda, nəyisə itəndə, çətinə düşəndə polisə müraciət edir. Polis günün istisində, yağışda, qarda küçələrdə ictimai asayişi qoruyur. Polisi necə təhqir etmək olar və ona necə butulka atmaq olar? Bunu edənlər hərəkətlərinin fərqində olmalıdırlar. Birdəfəlik bilməliyik ki, bizim hamımız bu dünyada faniyik amma millətimiz, dövlətimiz əbədidir. Heç birimiz dövlətin əsaslarını sarsıda biləcək addımlar atan insanlara qarşı laqeyd olmamalıyıq. İctimai qınaq olmalıdır. Avtobusda insanlar tibbi maska taxmırlar. Çayxanalarda insanlar az qala bir-birinə yapışmış halda otururlar. Onlar dezinfeksiya vasitələrindən istifadə etmirlər. Bunu da hökumət hər bir vətəndaş üçün edə bilməz. Vətəndaş məsuliyyətli olmalıdır. Dünyada nəyin baş verdiyini ciddi şəkildə başa düşməliyik. Bu gün dünyada ölkələr gözümün qarşısında çökürlər. Axı nə qədər məsuliyyətsiz hərəkətlər davam edə bilər? Kim dövlətin onurğa sütununu təşkil edən ordu, polis, təhlükəsizlik, hüquq-mühafizə orqanlarına qarşı qanunazidd hərəkət edirsə, qanun qarşısında cavab verməlidir”.