“Özünütəcrid koronavirusla mübarizədə əsas amildir”

“Bunun üçün məsuliyyətli olaq, qaydalara riayət edək, özümüzə qapanmayaq, pozitiv olaq, evdə qalaq ki, koronavirusla mübarizənin qaliblərinə çevrilək”




“Hər bir məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri hər bir ölkənin malik olduğu imkanların təqdimatında, vəziyyətdən çıxmaq üçün düzgün istiqamətin seçilməsində əhəmiyyətli rol oynayır”. 

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında bildirib.

Ekspert bildirib ki, Azərbaycan koronavirusa qarşı mübarizədə kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verdiyini bir daha nümayiş etdirir:

“Azərbaycanın ilk gündən atdığı addımların beynəlxalq aləmdə təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatı rəsmilərinin görülən işləri yüksək dəyərləndirmələri də səbəbsiz deyil. Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə ilkin mərhələdə xəstəliyin geniş yayılmaması uğurlu addımlar sırasındadır. Mübarizəyə başlandığı gündən əsas çağırış məsuliyyətli olmaq, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək olub və həmin məsələlər bu gün də öz aktuallığını qoruyur. Ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq əsas tələblər sırasındandır”.



V.Rəhimzadə qeyd edib ki, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən bütün tədbirlər, görülən işlər cənab Prezidentin daim diqqət mərkəzindədir:

“Koronavirusun həm insanların həyat tərzinə, həm də hər bir ölkənin iqtisadiyyatına böyük zərbə vurduğu halda, cənab İlham Əliyev əhalinin sağlamlığının qorunmasının prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri olan bütün addımları atdı. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. Ölkəmizdə istifadəyə verilən iki müəssisə tibbi maska ilə yanaşı, tibbi spirt, dezinfeksiya məhsulları, qoruyucu kombinezonlar istehsal edir. Məhz ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində tətbiq olunan karantin rejimində mərhələ-mərhələ yumşalmalar həyata keçirildi. Ölkəmiz aparılan testlərin sayına görə də öz birinciliyini qoruyur. Ümumiyyətlə, testlərin aparılması hər bir ölkəyə geniş imkan yaratdı ki, xəstələrinin sayını müəyyənləşdirsin, onlara operativ tibbi xidmət göstərsin və özünü bu dəhşətli bəladan qorusun”.

V.Rəhimzadə bildirib ki, məsuliyyətimizi artırmalı, nizam-intizam qaydalarına riayət etməli, hər kəs özünün həkimi olmaqla evdə qalmağa daha çox üstünlük verməlidir:

“Nəzərdə tutulan qaydaların pozulmasına görə cərimələrin tətbiqi də insan amilinə verilən dəyərdən, onların sağlamlığını təmin etmək üçün zəruri olan şəraitin yaradılmasından qaynaqlanır. Amma çalışmalıyıq ki, cərimələr deyil, məsuliyyətimiz sağlamlığımızın keşiyində dayansın. Özünütəcrid
koronavirusla mübarizədə əsas amil olduğu halda, özünəqapanma, depressiyaya düşmə uğursuzluğa yol açar. Bunun üçün məsuliyyətli olaq, qaydalara riayət edək, özümüzə qapanmayaq, pozitiv olaq, evdə qalaq ki, koronavirusla mübarizənin qaliblərinə çevrilək”.