Hər kəs bilir: “Ermənistanın böyük ordu saxlamağa imkanı yoxdur” 

“David Tonoyanın Ermənistan ordusu barədə səsləndirdiyi “konsepsiya” absurddur”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, Ermənistan müdafiə naziri David Tonoyanın “ordu quruculuğu konsepsiyasına dair” fikirləri son günlər Ermənistanda yüksək vəzifəli hərbçilərin tutduqları postlardan azad edilməsi fonunda onun öz kreslosunu qoruyub saxlamaq üçün atdığı populist addımdır: 

“Xarici dövlət borcunun dövlət büdcəsini üstələdiyi, iqtisadiyyatının isə xarici ianələr və “marafonlar”dan əldə olunan vəsaitlər hesabına formalaşdığı bir ölkənin müdafiə nazirinin bu cür çıxış etməsi absurddur. Belə ki, D.Tonoyanın səsləndirdiyi fikirlərin Ermənistan miqyasında praktiki olaraq həyata keçirilməsi mümkün deyil. Buna nə Ermənistanın iqtisadiyyatı, nə də hərbi potensialı imkan vermir.

Ermənistanın müdafiə nazirinin daxili auditoriyaya ünvanlanmış bu fikirləri müxtəlif xarici hərbi-strateji əsərlərdən götürülmüş nəzəri fərziyyələrdən başqa bir şey deyil. D.Tonoyanın çıxışında diqqət çəkən məqamlardan biri isə, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda, qoşunların təmas xəttində yerləşdirilməsi barədə etirafıdır ki, bu da Ermənistanın işğalçı ölkə olduğunu bir daha rəsmi şəkildə təsdiq edir”.

Məsələ ilə bağlı “Sherg.az”a münasibət bildirən ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi veteranı Cəlil Xəlilovun fikrincə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ermənistanın böyük ordu saxlamağa imkanı yoxdur. Bunu hamı bilir. Bir dəfə  paradda istifadə etdiyi hərbi ləvazimatları da Rusiyadan almışdı. Çünki silahları da yoxdur. Olan qalan bir neçə avtomatı isə 40-50-ci illərə aiddir”.
 
 C.Xəlilov, həmçinin bildirdi ki, Azərbaycan tərəf düşmənlərə ciddi bir hərbi həmlə həyata keçirməyə icazə verməz:

“Dəqiq deyə bilmərəm, Ermənistan şimal-şərqdə yeni bir post qurub, ya yox. Bu barədə Müdafiə Nazirliyindən konkret informasiya əldə etmək lazımdır. Amma əmin olduğum bir şey var: Azərbaycan sərhədçiləri sərhəddə hər an müşahidə aparırlar. Onlar daim ayıq-sayıqdırlar. Odur ki, narahatlığa ehtiyac olmadığını düşünürəm”.