“Prezidentin şəxsi nümunəsi virusa qeyri-ciddi yanaşanlar üçün siqnal idi”

“Modul tipli xəstəxanaların qurulması və təbliğat-maarifləndirmə işi tədbirləri davam etdirilir”

“Ancaq bu tədbirlərə ictimai dəstək və ictimai iştirakçılıq olmasa, tezliklə nəticə gözləmək əbəsdir”




Dövlət başçısı İlham Əliyev dünən modul tipli yeni xəstəxanaların açılışında iştirak edib. Prezident çıxışında bir sıra vacib məsələlərə toxunub.

O, həmçinin bildirib ki, Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir. Həmçinin Azərbaycanda həyata keçirilən tədbirlərin əsas məqsədinin həm də kritik vəziyyətə hazır olmaq, ən böhranlı vəziyyətdə belə bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etməkdən ibarət olduğu vurğulanıb. 

Bununla bağlı “Sherg.az”a danışan “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın fikrincə, ölkəmizdə gözəgörünməz düşmənlə uğurlu mübarizənin aparılması bir çoxlarında yanlış təsəvvür yaradır: 

“Virusun dünyada yayıldığı birinci mərhələdə Azərbaycanda  günlük yoluxma sayları minimum olurdu. Başlıca səbəbi, əvvəlcədən sərhəd keçid məntəqələrində görülmüş qabaqlayıcı tədbirlər idi. Bu da əhalidə “Bizdə virus yoxdur” arxayınlığı yaratdı. Təəssüf ki, insanların bir qismi epidemiyanı, onun yaratdığı təhlükəni qəbul etmək istəmir. Bunun bir yalan olduğunu iddia edənlər də az deyil. Bu yanaşmanı doğuran əsas faktor ölkəmizdə yoluxmanın və onun fəsadlarının kütləvi olmaması ilə bağlıdır. Nəticədə əhalinin müəyyən kəsimində arxayınlıq, pandemiyaya qeyri-ciddi yanaşma örnəklərini ortaya qoyur”. 

A.Camal onu da əlavə etdi ki, indi dünya ölkələrində statistika fərqli temp üzrə davam edir:

"Hazırda ölkələrdə epidemiyanın yayılma dinamikası fərqlidir: Bir çox ölkələrdə koronavirus infeksiyası tədricən, həndəsi silsilə ilə artır. Proses nəzarət altında gedir. Bəzi ölkələrdə isə epidemiya partlayış effekti ilə qısa müddətdə yayılır və daha geniş insan kütləsini əhatə edir. Son bir ayda Azərbaycanda dinamikanın dəyişməsi insanlarda virusa ciddi yanaşmamağın nəticəsində oldu. Xaricdən təxliyyə olunan vətəndaşların da bu artımda iştirak payı var. İki ay əvvəl koronavirusun cəngində çabalayan bir sıra dövlətlər bu gün epidemiyanı nəzarətə almış durumdadırlar. Günlük sağalma yoluxmanı üstələyib. Bu, səhiyyə sisteminin virusla effektiv mübarizəsinə kömək edir".

Baş redaktor düşünür ki, belə təhlükəli düşmənə qalib gəlmək üçün hökumət və xalq bir-birinə kömək etməlidir:

“Ölkə prezidentinin son çıxışında ifadə etdiyi nigaranlıq hər bir vətəndaş üçün ciddi mesaj və örnək olmalıdır. İstər maskadan istifadə, istərsə sosial məsafə saxlanılması ilə bağlı Prezidentin tövsiyələri və şəxsi nümunəsi koronavirusa qeyri-ciddi yanaşanlar üçün də bir siqnal idi. Maskadan istifadəni, sosial məsafə və digər tədbirləri yalnız karantinə nəzarət edən yetkililəri görərkən riayət etmək, bu bəladan tez bir zamanda qurtulmağımıza imkan verməyəcək. Dövlət indiyə qədər olduğu kimi tədbirləri davam etdirir. İstər modul tipli xəstəxanaların qurulması, istərsə təbliğat-maarifləndirmə işi… Ancaq bu tədbirlərə ictimai dəstək və ictimai iştirakçılıq olmasa, tezliklə nəticə gözləmək əbəsdir”.