Jurnalistikaya sənəd verənlərin sayı niyə azdır ? - Dekan səbəbləri açıqladı   

Bakalavrların ali təhsilin magistratura pilləsi üçün qeydiyyatı başa çatıb. Təəccüblü və üzücü məqam ondan ibarətdir ki, jurnalistika ixtisası üzrə cəmi 7 nəfər qeydiyyatdan keçib. Yəni, həqiqətən, media nüfuzdan düşür, “IV hakimiyyət” funksiyasını itirir, ya başqa səbəblər var? Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu zəif göstəriciyə təsir edən məqamlardan danışıb: 

“Jurnalistika ixtisaslaşmaları üzrə magistraturaya bu il sənəd verənlərin sayı çox azdır. Bunun səbəbləri var. Əsasən də üç məqamı xüsusi vurğulamaq istərdim: pandemiyanın gənclərimizin ümumi hazırlığına təsiri və eyni zamanda, bunu tam açıq yazmaq məcburiyyətindəyəm, az qala hər əlinə smartfon alan kəsin özünü "jurnalist" hesab etməsi və hətta bunun üçün ali təhsilli jurnalist olmağı vacib bilməməsi! İkinci səbəb cox ağrılıdır və mediamızın bugünkü mənzərəsinin ümumən formalaşmasına, cox təəssüf ki, neqativ təsirini göstərməkdədir. Hər zaman demişəm: jurnalistika ilə jurnalist məşğul olmalıdır! Lakin indi toxunmaq istədiyim vacib səbəb, yuxarıda qeyd etdiyim bu iki məqam deyil”.

V.Zifəroğlu vurğulayıb ki, magistratura pilləsi üzrə jurnalistika ixtisaslaşmalarına qəbul prosesi son dərəcə ciddi tələblər üzərində qurulur:

“Bu, bir tərəfdən yaxşıdır, özünü, həqiqətən də, bu ixtisasa həsr etmək istəyənlər sınayırlar. Amma digər tərəfdən də, bir məqam var ki, ona ciddi şəkildə yenidən baxılmalıdır. Bildiyiniz kimi, bir çox humanitar istiqamətlər üzrə magistraturaya qəbul mərhələsində ikinci tur ləğv edildi, amma jurnalistikada bu, saxlanıldı. Fakültə olaraq, biz bunun tərəfdarıyıq. Seçim daha ciddi şərtlər altında aparılmalıdır. Biz bundan əsla çəkinmirik və yetirmələrimizə də inanırıq. Son iki ildə fakültəmizdə bakalavr təhsili alan tələbələrimizin təqribən 60 faizindən çoxu, artıq həm də paralel olaraq peşə fəaliyyəti ilə məşğuldurlar.

Düşünürəm ki, tələbələrimiz də bununla razıdırlar: ən azından kənardan bu ixtisaslaşmalara sənəd verənlərlə öz hazırlıq və bacarıqlarını fərqləndirmək üçün. Buna bizim tələbələrimizin tam potensilı var. Lakin birinci turun keçid balının 50 olması ilə razılaşmaq olmur. Ən azı, qəbul iki mərhələdə həyata keçirilir və hətta ikinci mərhələdə iştirak etmək üçün şərt irəli sürülür - yazı və ya audiovizaul material - deyə, birinci turun keçid balı mütləq nəzərə alınmalı idi. Bizim, sözün həqiqi mənasında magistraturada təhsil almağa layiqli olan, hətta tələbə ikən peşə fəaliyyəti ilə məşğul olan yetirmələrimiz 3-5 bal fərqi ilə birinci turdan kəsildilər.

Dekanın fikrincə, yaxın gələcəkdə DİM sözügedən məsələyə yenidən baxmalıdır:

“Bu cür keçid balı ilə davam etmək doğru deyil! Gələn ildən gec olmayaraq, bu keçid balı heç olmazsa 45 və hətta mümkün olsa 40 bala endirilməlidir. Onu da nəzərə alaq ki, bəzi ixtisaslaşmalara keçid balı 40-dır və həmin ixtisaslaşmalara qəbul elə bir turdan ibarətdir”.