Koalision hökumətin yaradılması mümkündür

Amma indiki vəziyyətdə bu Gürcüstan üçün məqbul deyil


Gürcüstanın sabiq baş naziri Georgi Kvirikaşvili koalision hökumətin yaradılmasının tərəfdarı olduğunu bildirib. Kvirikaşvili deyib ki, təkhakimiyyətlilik düzgün idarəçilik forması deyil. Koalision hökumət müxtəlif ideyalarla ölkəni daha çox qabağa apara bilər.
Onun sözlərinə görə, bu heç də “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının hakimiyyətdən getməsi anlamına gəlməməlidir. Koalision hökumət indiki hakim partiya əsas fiqur olmaqla reallaşmalıdır:

“Düşünürəm ki, “Gürcü arzusu” siyasi arenanı tərk edib heç bir yana getməyəcək. Əlbəttə ki, getməməlidir. Ona görə ki, son 8 il ərzində “Gürcü arzusu” xalq və dövlət üçün çox yaxşı işlər görüb”. Sabiq baş nazir vurğulayıb ki, Gürcüstan üçün fikir müxtəlifliyi və mütərəqqi ideyalar təkcə demokratiya üçün deyil, iqtisadi inkişafı üçün də çox vacibdir. 

Kvirikaşvilinin təklifini “Şərq”ə şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Gürcüstanda koalision hakimiyyət məsələsi ilk dəfə gündəmə gəlmir. Siyasi ekspertin sözlərinə görə, Gürcüstan parlamentli respublika sisteminə keçib:

“Sabiq baş nazirin təklifinin reallaşması mümkündür. Tərəflərin buna etiraz edəcəyini zənn etmirəm. Koalisiya hökumətinin qurulması ölkədəki siyasi partiyalar üçün cəlbedici ola bilər. Lakin mən ümumiyyətlə indiki məqamda Gürcüstan, eləcə də Azərbaycan üçün parlamentli respublika idarəetmə sistemini məqbul saymıram. Nəzərə alaq ki, həm Azərbaycanın, həm də Gürcüstanın ərazilərinin müəyyən hissəsi hələ də işğal altındadır. Daxili problemlər həll edilməyənə qədər parlamentli sistemin müsbət effekt verəcəyini düşünmürəm. Bu cəhdləri indiki məqamda lazımsız demokratik eksperimentlər hesab edirəm”.