Prezident xeyirxahlıq nümunəsi göstərdi: “İndi həmrəylik vaxtıdır”

Bir neçə gün əvvəl Dövlət başçısı İlham Əliyev yeni modul tipli xəstəxananın açılışında iştirak edib. O, nitqi zamanı bir sıra mühüm məsələlərə toxunub.

Həmçinin bildirib ki, pandemiya dövründə Azərbaycan ən çox humanitar yardım göstərən ölkələrdən birinə çevrildi. Azərbaycan beynəlxalq miqyasda özünü çox məsuliyyətli apardığı və beynəlxalq arenada, iqtisadi, sosial sahədə özünü güclü dövlət kimi göstərdiyi də vurğulanıb. 


 Azərbaycanın bu sınaqdan gözlənildiyindən də uğurla çıxması barədə “Sherg.az”a danışan “Teleqraf” holdingin rəhbəri Aynur Camalqızının fikrincə, dövlətimiz təkcə öz vətəndaşları üçün yox, digər ölkələrdən ötrü də əlindən gələni etdi:

“Dünya çox ciddi və təhlükəli bir sınaqla üz-üzədir. Hətta bunu müharibə hesab edənlər də var. Dünya iqtisadiyyatına 4 trilyondan ağır ziyan dəydi. Beynəlxalq aləmdə tənəzzül başlandı. Fəqət bütün bu çətinliklərə rəğmən, Azərbaycan öz gücünə ayaqda dayanmağı bacardı.

Təsadüfi deyil ki, beynəlxalq qurumlar, o cümlədən ÜST də dövlətimizin atdığı addımları yüksək qiymətləndirir. Biz həm də 30-dən çox ölkəyə humanitar yardım göstərdik.

Bununla prezidentimiz hər kəsə nümunə oldu və göstərdi ki, ancaq əl-ələ verərək, birlikdə mübarizə apararaq bu düşmənə qalib gəlmək mümkündür. İndi kənara çəkilmək yox, birlik, həmrəylik göstərmək vaxtıdır.

Dövlət başçısının bu xeyirxahlığım onun planetar siyasətçi, qlobal düşüncəli rəhbər olduğunu bir daha təsdiq etdi”.